Azərbaycan-Ermənistan sülh sazişi – İrəvan prosesi qəsdən uzadır

 

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gözlənildiyi tezliklə baş verməyə bilər. Bunun üçün bir sıra addımların atılması vacibdir.

Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan sensasiyalı bəyanatla çıxış edib. O bildirib ki, rəsmi İrəvan Azərbaycanla yaxın 15 günə sülh sənədini imzalamağa hazırdır. Spikerin sözlərinə görə, müqavilənin yeni mətni redaktə olunaraq rəsmi Bakıya göndərilib: “Demək olar ki, bütün prinsipial məsələlər üzrə razılıq əldə olunub. Prosesə ziyan vurmamaq üçün detalları açıqlamaq istəməzdim”.

O, qərbi azərbaycanlıların Ermənistanda yaşayıb, yaşamaması məsələsini gələcəyin işi olduğunu da qeyd edib.

Görünən odur ki, İrəvan rəsmiləri sülh sazişi ilə bağlı yalnız açıqlama verir, amma tərəflər xeyli müddətdir görüşüb məsələni müzakirə etməyib.

Tərəflərdən birinin qatılmadığı görüşdə qəbul olunmuş qərarlar əsasında müqavilənin imzalanması dünyanın siyasi tarixində rast gəlinməyib. Elə buna görə də, vasitəçi kimi çıxış etmək istəyənlərin, Qranadada Azərbaycanın iştirakı olmadan keçirilən görüşdə əldə olunan razılaşmaları sülh sazişinin maddələri kimi qəbul etdirmək planları qəbuledilməzdir. Sənədin imzalanması üçün bir masa arxasında oturub təkbətək görüş keçirməsi başlıca şərtdir. Çünki bu kimi görüşlər tərəflərin biri-birinə etimad qazandırar. Azərbaycan və Ermənistan arasında inam yaranmayanadək imzalanacaq istənilən sülh sənədi kağız parçasından başqa heç nə olmayacaq.

Fransa başda olmaqla Qərb dövlətləri, digər tərəfdən isə Hindistanın Ermənistanı sürətlə silahlandırılması İrəvanın Azərbaycana qarşı yenidən müharibəyə başlayacağı ehtimalının gündəlikdə qalmasına səbəb olur. Qərbi azərbaycanlıların repatrasiyası məsələsi də sülh müqaviləsinin, yaxud iki ölkə arasında normalaşmanın maddələrindən biri olması vacib sayılır. Çünki bu, Ermənistanın qərbi azərbaycanlı vətəndaşlarının pozulmuş hüquqlarının bərpası istiqamətində üzərinə öhdəlik götürməsi deməkdir.

Alen Simonyanın məsələni gələcəyə buraxmaq istəyi rəsmi İrəvanın qərbi azərbaycanlıların pozulmuş hüquqlarını ört-basdır etmək cəhdlərindəndir. Çünki sülh sənədində belə bir maddənin təsbiti perspektivdə soydaşlarımızın Ermənistana qayıdışına, təhlükəsiz yaşamasına, bərabərhüquqlu vətəndaş olmalarına zəmin hazırlayacaq.

Ermənistan kommunikasiyanın açılması məsələsində də spekulyasiya ilə məşğul olur. Halbuki bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. İran ərazisindən keçən Araz yolu ilə bağlı məsələnin gündəliyə gəlməsi, bu istiqamətdə işlərin görülməsi artıq rəsmi İrəvanı da ciddi şəkildə rahatsız edir. Çünki Yuxarı Lars yolu ilə əlaqələrin qurulması çoxsaylı problemlər yaradır. Bu baxımdan Ermənistan üçün ən optimal variant Azərbaycanla kommunikasiyaların açılması sayılır.

Bundan başqa Ermənistan hakimiyyətinin havadarları qarşısında da öhdəliyi var- Rusiyanın nüfuz dairəsindən çıxmaq istiqamətində fəaliyyəti artırmaq. Onlar bu addımı Qərbə daha baha qiymətə satmağa çalışırlar. Bunun üçün də onlar Azərbaycanla sülh müqaviləsinə ciddi yanaşmayaraq onu əlüstü imzalamağa tələsirlər.

Odur ki, İrəvan rəsmilərinin sülh sazişi ilə bağlı dedikləri ancaq sözdədir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bu məsələyə toxunaraq qeyd edib: “Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”.

Beləliklə, rəsmi İrəvan Qərblə sövdələşmədə anlaşa bilmədiyindən sülh müqaviləsi istiqamətdə müzakirələrə ciddi yanaşmır, açıqlamlarla kifayətlənir.

Noyabrın 30-da Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sərhədin müəyyənləşməsi üzrə görüş keçiriləcək. Bu tədbir rəsmi İrəvanın sülh sazişinin imzalanmasına, tərəflər arasında normallaşmaya yanaşmasının göstəricisi də ola bilər./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password