Arkov: “Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir”
Noyabrın 30-da Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri iki ölkə arasındakı şərti sərhəddə görüş keçirəcəklər. Düzdür, bu, Azərbaycanın israr etdiyi, Ermənistanın isə imtina etdiyi sülh müqaviləsinin imzalanması prosesinin tezliklə başa çatması üçün ikitərəfli əsasda olan həmin o format deyil.
Niyə birbaşa ikitərəfli danışıqların, məsələn, Tbilisidə və ya başqa yerlərdə təşkil olunması fikrini Ermənistan qəbul etmir? “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov vəziyyəti belə şərh edib:
– Fakt budur ki, Ermənistan praktiki olaraq dövlət və milli suverenliyini itirib. Bu ölkə Fransanın koloniyasına çevrilir. İndi Ermənistan Respublikasında baş verən hər şey, onun xarici siyasətdə atdığı istənilən addım Paris və Vaşinqtonun diktəsi ilə gerçəkləşir.
Təbii ki, ABŞ və Fransa Qarabağ ətrafında artıq sönmüş Ermənistan-Azərbaycan münaqişəsindən regionda öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Ermənistan isə bundan ötrü alətdir.
– Məhz buna görə İrəvan Bakı ilə təkbətək danışmaq istəmir?
– Demək olmaz ki, İrəvan bunu istəmir. Sadəcə, bunun üçün Ermənistana icazə vermirlər.
– Başqa bir maraqlı nüans da var. Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qagik Melkonyan bildirib ki, ölkəsi Bakının təklif etdiyi ikitərəfli dialoqa getməməlidir. O hesab edir ki, Ermənistana onu Azərbaycandan qoruyacaq müəyyən bir “zamin” lazımdır. Qagik Melkonyan “zamin” dedikdə, görünür, danışıqlar üçün öz ərazisini təqdim edəcək ölkəni nəzərdə tutur.
– Sizcə, hansı zaminlər ola bilər və nəyə görə? Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib. Bəli, Ermənistan Respublikasında Azərbaycan anklavları ilə bağlı məsələlər var, lakin onlar sərhədlərin delimitasiyası və demarkasiyasının gedişatında həll olunur. Unutmaq olmaz ki, sərhədlərin razılaşdırılmasını təklif edən, təkliflər hazırlayan da qalib ölkə olan Azərbaycandır.
Mən burada haşiyə çıxacağam. Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyanın bu yaxınlarda verdiyi sensasion müsahibədə bildirdiyi “ötən il Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları kəsməyi Kiyevə Qərb sifarişi edib” fikrini xatırlayaq. Davranışları diktə olunan Ermənistanla da indi baş verənlər budur.
Qərbin məqsədi Ermənistan Respublikası vasitəsilə Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənməkdir. “Zamin”lər haqqında bütün sözlər açıq təxribatdır. Əgər Fransa və ya ABŞ belə “zamin” olarsa, o zaman erməni tərəfinin fikrincə, Bakı Ermənistanla sülh sazişi ilə bağlı Vaşinqton və Parislə dialoq aparmalı olacaq. Bu, Azərbaycana lazımdırmı?
– Amma görünən odur ki, Azərbaycan Qərbin təzyiqlərinə boyun əymir. Ölkə Xarici İşlər Nazirliyinin bəyanatlarını və ya noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin telefon danışığını xatırlatmaq kifayətdir…
– Bəli, biz də bunu görürük. Amma hələ də müxtəlif istiqamətlərdən Azərbaycana təsir etmək cəhdləri edilir.
Hər kəs ATƏT-in keçmiş Minsk qrupunu və onun sıfır nəticəsini xatırlayır. Həmçinin, hər kəs İkinci Qarabağ müharibəsindən sonrakı dövrü xatırlayır. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri Fransa hansı bəyanatlarla çıxış edib? Paris faktiki olaraq Ermənistandan müharibəni davam etdirməyi tələb etdi, baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat artıq imzalanmışdı. Ermənistan da belə bir “zamin” istəyir.
Ancaq Azərbaycanda artıq indidən Ermənistanı silahlandırmağa çalışan həmin o Fransa “zamin”, hətta vasitəçi kimi qəbul edilməyəcək.
Danışıqların ikitərəfli formatı çox gözəl imkandır. Regionda üçüncü ölkə var – neytral Gürcüstan. O, öz ərazisini təqdim edə bilər. Amma Ermənistan buna qarşıdır. Düşünürəm ki, İrəvan hətta sülh sazişinin müzakirəsi üçün İran ərazisinin seçilməsinə də etiraz edəcək. Ermənistan ancaq Qərb ağalarının dediklərini edəcək.
– Yəni danışıqlar prosesi dalana dirənib? Qərb ölkələri (ən azı, Vaşinqton, Paris, Berlin və Brüssel erməni mərkəzli yanaşmalarını dəyişməyincə) Bakını qane etmir. İrəvan Moskva ərazisindən və ikitərəfli formatdan imtina edir.
– Xeyr, bu, dalana dirənmək deyil. Yadınıza salın ki, əvvəllər (2020-ci ilin payızındakı müharibədən əvvəl – red.) sanki dalana dirənmiş vəziyyət yaranmışdı, lakin sonra hər şey həll olundu. Amma deyə bilərik ki, indi fasilə yaranıb. Bir daha qeyd edim ki, ikitərəfli format ən yaxşı seçimdir. Ermənistanın ondan imtina etməsi isə tamamilə düşünülmüş addımdır./oxu.az