Maneələrə baxmayaraq: Bakı və İrəvan özləri razılığa gəlir
Əsas odur ki, Moskva proseslərə müdaxilə etməyi dayandırsın
Doğrudanmı buzlar əriyib? Bakı və İrəvan nəhayət, danışıqlar masası arxasına təkbətək oturub sülh sazişini müzakirə etməyə başlayacaq? Özü də vasitəçisiz – Rusiya, ABŞ, Fransa, Brüsselsiz? Regionda tamamilə zidd maraqlara sahib olan bütün bu, Krılovun təmsilindəki kimi desək, qu quşları, xərçənglər və durnabalıqları yalnız sülh prosesini ləngidir. İndi isə bu prosesin başlanmasına tərəflərin rəsmilərinin bəyanatlarına əsasən, həm Azərbaycan, həm də Ermənistan hazır olduqlarını bildirirlər.
Şübhəsiz ki, Qarabağın Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsindən və hərbi əməliyyatların başa çatmasından sonra ilk mərhələlərdə vasitəçilərə ehtiyac yaranmışdı və bu ölkələrin hər biri və Avropa İttifaqı çoxlu səylər göstərmiş, münaqişə tərəflərininn barışdırılmasına öz töhfələrini vermişdi. Ancaq növbəti mərhələ gəldi – İrəvan öz məğlubiyyətini qəbul etdi, Ermənistan cəmiyyətinin bu fikrə alışması üçün kifayət qədər vaxt keçdi. Hələ də Moskvada və Rusiyadakı havadarlarına arxalanan “Qarabağ klanı”nın bir ovuc faşist revanşistləri və erməni lobbisi istisna olmaqla, Ermənistan erməniləri qonşuları ilə də sülh və razılaşma içində yaşamaq istəyirlər.
Sevindirici haldır ki, Bakı və İrəvan dövlət sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın iclasında iştirak etmək üçün noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində öz nümayəndələrinin növbəti, beşinci görüşü barədə razılığa gəliblər. Ermənistan Azərbaycanın vasitəçisiz birbaşa danışıqlar üçün görüşmək təşəbbüsü ilə razılaşıb. Bu, sərhəddə üçüncü görüşdür, digər ikisi Moskva və Brüsseldə baş tutub:
Rəsmi şəxslərin – Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryanın delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların birgə işi formatında ilk belə görüşü 2022-ci il mayın 24-də, həmçinin Azərbaycan və Ermənistanın dövlətlərarası sərhədində baş tutub. İkinci – 30 avqust 2022-ci il tarixində artıq Moskvada, üçüncü – 3 noyabr 2022-ci ildə Brüsseldə, dördüncü – 12 iyul 2023-cü ildə yenidən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə baş tutub.
İstər onilliklər ərzində münaqişə dövründə, istərsə də aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra Aİ, ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi onların rəqabəti və müxtəlif maraqları səbəbindən Ermənistan və Azərbaycanı sülh sazişinin imzalanmasına gətirib çıxarmadı. Həm yüksək səviyyəli rəsmilər, həm də xarici işlər nazirləri və digər rəsmilər səviyyəsində çoxsaylı görüşlərə baxmayaraq, tərəflər sərhəddə tez-tez toqquşmaların baş verdiyi və hələ də onların mümkün olduğu ümumi sərhədin demarkasiyası ilə bağlı razılığa gəlməyiblər.
Müharibədən sonrakı bütün dövr ərzində tərəflərin ABŞ və ya Brüsseldəki hər görüşündən əvvəl və ya ondan sonra Kreml öz töhfəsini verməyi zəruri hesab etdi – Bakı və İrəvan yenidən təzyiqlərə məruz qaldı və yenə də nəticədə danışıqlar pozuldu. Moskvanın sülh prosesinə gizli təsir rıçaqlarını yalnız təxmin etmək olar, lakin rəsmi versiya belə idi ki, məhz Rusiya Federasiyası “Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrinə” malikdir. Bunu 2022-ci il oktyabrın 31-də Soçidə İlham Əliyev və Nikol Paşinyanla növbəti görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinin özü bildirib.
Və bu sözlər məhz Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın 7-də Praqada keçirilən Ermənistan və Azərbaycan liderlərinin görüşündən sonra səsləndirilib. Görüşdə hər iki tərəf bir-birinin ərazisi bütövlüyünü və suverenliyini tanıyır, bunun işin delimitasiyası komissiyaları üçün əsas olacağını təsdiqləyirdi.
Dövlət sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın beşinci iclası səfir Ceyms Obrayenin (O’Brayen) Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında ultimatum bəyanatı ilə əlaqədar Bakı ilə Vaşinqton arasında münasibətlərin müəyyən qədər kəskinləşməsi fonunda baş tutacaq. Obrayen Vaşinqtonla Azərbaycan arasında münasibətlərin “Bakı ilə İrəvan arasında sülh sazişi bağlanana qədər əvvəlki kimi olmayacağını” söylədi və Azərbaycana yardımı qadağan edən 907 saylı düzəlişin yenilənməsini qyed etdi. Nətciədə rəsmi Bakı noyabrın 20-də Vaşinqtonda Ermənistanla xarici işlər nazirləri səviyyəsində görüşməkdən imtina etməklə cavab verdi.
Dövlət Departamentinin sözçüsü Metyu Miller, buna baxmayaraq, Birləşmiş Ştatların Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının növbəti raunduna kömək etməyə hazır olduğunu ifadə edib – “keçmişdə etdiyimiz kimi”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində qarşıdan gələn görüşü şərh edərkən qeyd edib ki, regionda formalaşan yeni reallıqlar çərçivəsində “Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə görmürük”.
“Əsas odur ki, Ermənistan tərəfi konkret addım atsın və danışıqlar masası arxasına əyləşsin. Ermənistan sülh müqaviləsinə gəldikdə hələ də regiondan kənara baxır. Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları buradadır, Vaşinqtonda, Brüsseldə və Parisdə deyil. Dediyimiz odur ki, üçüncü tərəfləri gündəmə gətirməkdənsə, sülh sazişi üzrə danışıqları irəli aparmaq lazımdır. Top ermənilərin tərəfindədir”, – deyə Hikmət Hacıyev bildirib.
Bəli, doğrudan da, sülhün açarları Bakı və İrəvanın əlindədir, Qərb razılaşmanın əldə olunmasına qarşı çıxmayacaq. Əsas odur ki, Moskva proseslərə müdaxiləni dayandırsın./ayna.az