Bakı-Ankara-Tbilisi trafikində müdafiə hazırlığı
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin – Zakir Həsənov, Yaşar Güler və Cuanşer Burçuladzenin – üçtərəfli müzakirələri keçirilir.
Müdafiə nazirlərinin görüşü son vaxtlarda Qərb dövlətlərinin Gürcüstan üzərindən Cənubi Qafqazdakı siyasətinə yeni çalarlar verməsi fonunda diqqət çəkir.
Söyləyə bilərik ki, Bakıda müdafiə nazirlərinin müzakirələri regionda rəqib aktorlar arasında daha geniş rəqabətin əlamətlərinə vurğudur.
Çünki bölgədə təhdid mənbələri qalmaqdadır, hərçənd ki, Azərbaycan ən böyük təhlükə mənşələrini iki mərhələdə məhv edib.
Birincisi, Azərbaycanın 44 günlük müharibədə Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradıb Zəfər qazanmasıdır.
İkincisi isə bunun davamı olaraq Qarabağda separatizmə qarşı keçirilən antiterror əməliyyatları regionda separatizmin məhvi ilə nəticələndi.
Lakin Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul etməyən, Bakının strateji tərəfdaşı Gürcüstanı oyuna cəlb edib fərqli “səngər qazmaq” cəhdləri baş qaldırır.
Bu, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi üçün də təhdid yaradır, çünki həm Bakı, həm də Ankara Tbilisini regional təhlükələrdən qoruyurlar.
Məsələn, bəlkə də, Azərbaycan və Türkiyə Rusiyanın Gürcüstana qarşı radikal tonunu dəyişməsinə təsir edirlər.
Çünki istər Azərbaycanın, istərsə də Türkiyənin Rusiya ilə əlaqələrindəki rəng ürəkaçandır. Lakin burada Türkiyənin başqa bir narahatlığı da üzə çıxır, söhbət Qara dəniz hövzəsində Ukraynadakı münaqişədən sonra ikinci cəbhənin açılması ehtimalıdır.
Bu məqamda Türkiyənin həm strateji maraqları, həm də NATO üzvü kimi manevrləri önə çıxır. Deməli, Türkiyənin strateji müttəfiqi Azərbaycanla birlikdə Gürcüstanı mühafizə etmək potensialı müştərək müdafiə qabiliyyəti ilə paralel şəkildə Qərblə Rusiya arasında peşəkar manevr etmək qabiliyyətinə dayanır.
Amma regionun dalğalandırılmasından ötrü yeni planların mövcudluğu təhlükəsizlik tablosunda həssaslıq yaradır.
Həssas mənşələrin regiondakı reallıqların yeni cihazları ilə yoxlanılıb zəruri müdafiə tədbirlərinin görülməsi indi Bakı-Ankara strateji müttəfiqliyinin qarşısında duran çağırışdır.
Burada dəqiqləşməlidir ki, hansı həddə qədər təmkin göstərmək, təxribata uymamaq lazımdır. Gürcüstan da təhlükəsizlik aspektlərini irəlilətmək məntiqini Bakı və Ankara ilə müzakirə etmək üçün müdafiə nazirini Azərbaycana yollayıb…