Paşinyanın yanlış hesabı – Əliyev bu dəfə də imkan vermədi
“Qərbin Ermənistan üzərindən Azərbaycana qarşı siyasi təzyiqləri nəticəsiz qaldı”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Azərbaycanın ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə qatılmaması Ermənistanı çətin vəziyyətə salıb:
“Paşinyan hesab edirdi ki, Vaşinqton və Brüssel Azərbaycana təzyiq edərək, beynəlxalq missiyanın müşayiəti ilə Qarabağdan gedən ermənilərin qayıtmasına nail olacaq, əlavə şərtlərini Bakıya qəbul etdirəcək. Amma Prezident İlham Əliyevin strateji və manevr siyasəti Ermənistanı növbəti dəfə siyasi məğlubiyyətə uğratdı.
Paşinyanın Qərbdə Azərbaycana qarşı qurmaq istədiyi siyasi təzyiq planı Ermənistanın əleyhinə işləyir. Artıq Ermənistanın Zəngəzur dəhlizi ideyası üzərindən spekulyasiyaları da işə yaramır. Azərbaycanın bu məsələni İranla həll etməsi bu vasitəni də İrəvanın əlindən aldı. Azərbaycan bununla növbəti dəfə ona təzyiq etməyə çalışan Qərbin önündə əlini gücləndirir.
Azərbaycana nə Rusiya, nə də Qərbdə danışıqlar aparmaq sərf edir. Çünki Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh müqaviləsi ilə bağlı nəticəsiz danışıqlar aparmaq, bu məqsədlə xarici ölkələrə səfərlər vaxt itkisidir. Belə danışıqlar Ermənistanın maraqlarına uyğundur.
Ermənistan xarici işlər nazirinin müavini Səfəryan vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını və bu minvalla Qarabağ məsələsini gündəmdə saxladıqlarını etiraf etdi. Görünən budur ki, Ermənistan hakimiyyəti avantürist siyasətindən geri çəkilməyib. Bakıda qəbul edilməyəcək şərtlər irəli sürən İrəvan bu yolla sülh prosesini pozaaraq, özü üçün əlverişli şəraitin yaranmasını gözləyir. Amma Azərbaycan buna da imkan vermir. İrəvan prosesi öz şərtlərinin qəbul edilməsinə inandığı paltformalara çəkməyə çalışır, Bakı da isə nə baş verdiyini anladıqları üçün buna getmirlər. Qərbdə Azərbaycana buna görə qəzəblidirlər: əl atdıqları məkrli planların hamısı pozulur. Bu isə hər dəfə onların manevr imkanlarını daraldır”.