Bakı qlobal problemlərin həll mərkəzi kimi rolunu təsdiqlədi – SPECA sammiti barədə

 

Azərbaycan müxtəlif sahələrdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu bəyanatlar Azərbaycana tamamilə etibar edən dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatlar arasında dəstək görməklə sadə ritorika çərçivəsindən kənara çıxır.

Bu cür təşkilatlardan biri BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramıdır (SPECA). Bu kontekstdə Azərbaycanın Proqrama sədrlik etməsi və 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda “SPECA Günləri” keçirməsi təəccüblü deyil.

Hazırda SPECA-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. 26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

Hazırki forumun mövzusu “SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi”dir. Proqramda iştirak edən ölkələr həm Avropa, həm də Asiya ilə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üzərində aktiv şəkildə çalışır. Bundan başqa, bu ölkələrin əksəriyyəti dənizə çıxışın olmaması problemi ilə üzləşirlər ki, bu da onların dünya bazarında iştirakını çətinləşdirir.

Azərbaycanda bu mövzu çərçivəsində tədbirlərin keçirilməsi barədə qərar gözlənilməz deyil. Geniş regionda tranzit qovşağı qismində çıxış edən Azərbaycan tərəfdaşları ilə təcrübə mübadiləsi üçün yaxşı hazırlaşıb. Ölkə son otuz il ərzində nəqliyyat infrastrukturuna mühüm investisiyalar sayəsində daha geniş regionda ölkələr üçün yeni imkanlar yaradıb. Qlobal nəqliyyat layihəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz proqrama üzv ölkələrin mühüm hissəsinin ərazisindən keçir, bu mövzunun diqqətdən kənarda qalmayacağı aydındır.

Tərəflər şübhəsiz, məlumat mübadiləsinin və malların transsərhəd daşınmasının səmərəliliyini artırmaq məqsədilə təchizat zəncirləri sektorları və TBNM boyu müvafiq nəqliyyat növləri üzrə məlumatların uyğunluğunu təmin etmək məsələsini gözdən keçirəcək. Azərbaycan bu səylərdə fəal iştirak etməklə Orta Dəhliz çərçivəsində səmərəliliyin artırılmasına, ötürücülük imkanlarının genişləndirilməsinə və gömrük prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət ayırır.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yol xəritələrində qeyd olunduğu kimi, Orta Dəhlizin ötürücülük imkanlarının 2025-ci ilədək 10 milyon tonadək artırılması üzrə təşəbbüslər həyata keçirilir. 2023-cü ildə Orta Dəhlizlə 2 milyon tona yaxın yük daşınacaq.

Bundan başqa, SPECA regionunda enerji sistemləri əhəmiyyətli dərəcədə istifadə olunmamış potensiala malikdir. Regional tərəfdaşlarla əməkdaşlıq edən SPECA üzv dövlətləri enerji mənbələrinin və enerji resurslarının dünya bazarlarına tədarük marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Eyni zamanda, bu dövlətlər bərpa olunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş iri layihələrə inteqrasiya üçün infrastruktur yaradırlar. Onlar həmçinin, regional enerji əlaqələrini genişləndirir və enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin artırılması üzrə birgə səylər vasitəsilə enerji resurslarının ticarətində iştirak edirlər.

Bu baxımdan Azərbaycanın təcrübəsi müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın uğurlu uzunmüddətli enerji strategiyası xüsusən diversifikasiya üçün maneələrin olduğu çətin zamanlarda Avropanın enerji bazarına çıxış imkanının əldə olunmasında öz effektivliyini sübuta yetirib. Ölkə daima neft-qaz sahəsində layihələrin nümunəvi icrası sayəsində tərəfdaşlarının böyük hörmətini qazanıb. Getdikcə daha çox ölkə Azərbaycanın qaz resurslarına çıxış imkanı əldə etməyə çalışır. Bundan başqa, ölkə həmçinin ekoloji cəhətdən təmiz resurslar və ola bilsin ki, hətta “yaşıl” hidrogen ixrac etməyə çalışır.

Mərkəzi Asiya bərpa olunan enerjinin inkişafı üçün resurslarla zəngin regiondur. Bundan başqa, Qazaxıstan və Türkmənistan kimi ölkələr əhəmiyyətli dərəcədə karbohidrogen ehtiyatları ilə öyünə bilərlər. Bu potensialdan istifadə və onun dünya bazarına ixracı üçün Azərbaycanın müasir enerji infrastrukturu vacibdir.

Ümumi prioritetlər strateji sahələrdə uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm əsas təmin edir. Bakıda keçirilən “SPECA Günləri”nin sonunda həmçinin, qarşıdakı 25 il ərzində müxtəlif istiqamətlərdə gələcək əməkdaşlıq barədə sazişlərin imzalanacağı gözlənilir. Hazırda tədbirin Bakıda keçirilməsi Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində beynəlxalq səviyyədə Azərbaycana etimadın əyani sübutudur. Dövlət başçısının SPECA ölkələrinin hər biri ilə əməkdaşlığa möhkəm sadiqliyi dünya səviyyəsində bu ölkələr arasında həyati vacib əlaqələrin möhkəmlənməsində həlledici rol oynayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password