“Məsələ artıq həll olunub…” – “Yaxın aylarda cəbhədə vəziyyət dəyişəcək”

 

Rusiya-Ukrayna müharibəsinin uzanması, cəbhədə yaranmış pat vəziyyəti Ukrayna hərbi-siyasi rəhbərliyi daxilində mübahisələrə rəvac verib. Habelə, birləşmiş Qərb müttəfiqləri arasında da yorğunluq, məyusluq hiss olunur. Beynəlxalq media artıq mümkün Rusiya-Ukrayna danışıqlarının şərtlərindən yazmağa başlayıb.

Belə bir şəraitdə ABŞ müdafiə naziri Lloyd Ostin Kiyevə gəldi və Ukraynanın Rusiya üzərində qələbəsi üçün bütün mümkün dəstəyin veriləcəyini bəyan etdi. Tanınmış rusiyalı hərbi-siyasi analitik Andrey Piontkovski yerli mətbuata müsahibəsində yaranmış duruma və perspektivlərə aydınlıq gətirib.

Onun müsahibəsini ixtisarla təqdim edir:

– Hazırda Rusiya-Ukrayna müharibə cəbhəsində yaranmış strateji vəziyyəti necə qiymətləndirirsiniz? Belə bir nəticəyə gəlmək olarmı ki, döyüşlər Putin üçün əlverişli olan məhvetmə müharibəsi mərhələsinə keçib?

– Bəli, mən general Zalujnının cəbhədəki vəziyyətin dalana dirənməsi ilə bağlı verdiyi səciyyə ilə razıyam. Yeri gəlmişkən, onun bu məqaləsi Qərb oxucuları üçün ingilis dilində idi, onun dediyi, tam dəqiqliklə “dalan” kimi tərcümə olunmamışdı, üstəlik, aktiv Rusiya təbliğatının bir hissəsi və Amerikanın sol-liberal icması bunu Ukraynada birtərəfli dalana dirəniş kimi şərh edirdi. Məsələ məhz ondan ibarət idi ki, tərəflərin hazırkı balanslı vəziyyəti ilə onların heç biri uzunmüddətli ciddi strateji əməliyyat aparmağa qadir deyil. Bu barədə general Zalujnı açıq yazıb. O, mahiyyət etibarilə Amerika auditoriyasına sual ünvanladı: “Dərsliklərinizə baxın – hava üstünlüyü olmadan tarixi hücum əməliyyatı mümkündürmü?” İndi amerikalıların, nəhayət, bütün siyasi tabuları aradan qaldırdıqları, uzaqmənzilli raketlər kimi həlledici silah növlərinin tədarükünə başlanıldığı, artıq çatdırıldığı və ukraynalı pilotların F-16-larla işləmək üçün təlim keçdiyi dövrdür. Bu, durğunluq vəziyyətini dəyişə bilər. Rusiya Federasiyasının cəbhədə öz xeyrinə yeni nəsə edə biləcəyini görmürəm. Ona görə də yaxın aylarda vəziyyətin dəyişməsi mümkündür. Üstəlik, F-16 qırıcılarının effektivliyi hava şəraitindən asılı deyil, yəni bunun üçün yaz hücumunu gözləmək lazım deyil. Onlar istənilən vaxt cəbhədə vəziyyəti dəyişə bilərlər. Önəmli olan Qərb dövlətlərinin siyasi iradəsidir.

İki fərqli istiqamətdə gedən proses var. Bir tərəfdən mənə xoş gələn o oldu ki, Amerikanın ali rəhbərliyi – Bayden, Blinken və Ostinin İsrailə terror hücumundan sonra verdikləri bütün bəyanatlarda tiranların və quldurların sivil dünyaya qarşı iki mübarizə cəbhəsi açdığını vurğuladılar. Baydenin oktyabrın 9-da xalqa ilk müraciətində “Ukrayna” sözü “İsrail”dən daha çox səsləndi. O, birinci cümləyə belə başladı: “Putin və HƏMAS”. Bu, “Putin və HƏMAS” xətti indi Amerikanın hərbi-siyasi rəhbərliyinin diqqət mərkəzidir. “Əclaflar iki demokratik azad dövləti yer üzündən silmək istəyirlər”. Yəni HƏMAS və İran İsraili, Putin Rusiyası isə Ukraynanı… Bayden qətiyyətlə dedi: “ABŞ dünyanın ən qüdrətli gücü kimi buna heç vaxt imkan verməyəcək”. Üstəlik, Baydenin həmin bəyanatından çox vacib bir ifadəni də sitat gətirəcəyəm: “Bizim əsas müttəfiqlərimiz Ukrayna və İsraildir”. Bu, Ukraynaya verilən tamamilə yeni siyasi statusdur. Əslində ABŞ-ın Ukrayna ilə bağlı addımları həm müasir silahların verilməsi, həm də siyasi dəstəyi əhatə edir. Eyni zamanda, əks tendensiya da var: Demokratlar Partiyasının sol-liberal qanadının əhəmiyyətli bir hissəsi, Amerika mətbuatı Qərbin Ukraynadan bezdiyi barədə eyni tezislərlə dolu məqalələr yayır. “Hücum uğursuz oldu, ukraynalılar rusları heç vaxt məğlub edə bilməyəcəklər, gəlin danışıqlar haqqında düşünək” və.s

– Təkcə Qərb nəşrlərində deyil. Ukrayna Prezidenti Volodimir Zelenski “The Sun”a müsahibəsində Ukrayna müharibəsinin Üçünü Dünya müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Sizə, o vəziyyəti dramatikləşdirmirmi?

– Hazırda üçüncü dünya müharibəsi gedir. Yadınızdadırmı, Putin 2022-ci il fevralın 24-də Ukraynaya hücuma necə başladı? 2021-ci ilin noyabrında Rusiya rəhbərliyi Qərbə ultimatum verdi: nəyiniz var toplayın və Avropanın yarısından çıxın! Mən bunu “Batu və Cuqaşvilinin xətti” adlandırıram. Bu, tarixi bir təsadüfdür: Qərbə ən böyük yürüş Batunun (Monqol-Tatar xanı Batu xanı nəzərdə tutur – red.) dövründə – 1245-ci ildə oldu. 1945-ci ildə Cuqaşvili (Keçmiş SSRİ-nin rəhbəri İosif Stalin – red) təxminən eyni xəttə çatdı. Yeri gəlmişkən, ukraynalı həmkarlarım mənə yazırlar ki, Atilla, Batu və Cuqaşvili eyni xəttə – bir növ mifik ölümcül xəttə yaxınlaşıblar və Putin bu sırada dördüncü olmaq qərarına gəlib. Əslində dünya müharibəsi gedir və Ukraynaya hücum bu müharibənin ilk aktı idi. Putin 5 noyabr 2021-ci ildə Makronla fantastik mübahisəsində xarakterini dəqiq göstərdi, çünki o, Pekindən eyforiya içində qayıtmışdı, Çin artıq onu bu müharibəyə sövq etmişdi. Putin öz strategiyasını belə açıqladı: Bəli, biz anlayırıq ki, ənənəvi səviyyədə NATO-dan geriyik, amma möcüzəmiz var – nüvə silahı, siyasi iradə və s. Onun planı cəmi 7 günə Ukraynanı ələ keçirmək və sonra bu qələbənin aurasında Baltikyanı və Polşa sərhədində nüvə çubuğu yelləyərək Qərbi bu xəttə çəkilməyi məbur etmək idi. Qərbin o zamankı vəziyyəti də hamımızın yadındadır: o, indiki durumundan çox uzaq idi. Qorxurdum ki, Qərb 2022-ci ilin yazında bu ultimatuma təslim olar. Üçüncü Dünya müharibəsinin həlledici döyüşlərindən biri Qostomel hava limanı uğrunda döyüş idi. Ukrayna uduzsaydı, bu müharibənin necə bitəcəyi məlum deyildi…

– Necə düşünürsünüz, hərbi yardımın özü nə qədər yetərlidir? Biz Almaniyadan yüz milyon dollar dəyərində silah və dəstək paketini, o cümlədən dörd raketdən müdafiə qurğusunun təhvil verilməsi ilə bağlı bəyanatını gördük. Lakin Almaniya dövrün ən müasir silahlarından olan “Taurus” raketlərinin verilməyəcəyini bildirdi. Bu, indilikdə Qərbin verə bildiyi dəstək səviyyəsidir, yoxsa elə ümumiyyətlə dəstək bundan ibarət olacaq?

– Biz müharibə boyu bu prosesi müşahidə etmişik. Bu, Amerika rəhbərliyinin bir növ şüurlu seçimi deyildi. Açıq deyək: Amerika administrasiyası daxilində gərgin siyasi mübarizə gedirdi, ilk dövrlərdə HİMARS-ların, “Patriot”ların, tankların verilib-verilməməsi müzakirə olunurdu. Heç kimə sirr deyil ki, bu məsələlərlə bağlı Ostin və Blinkenin müxtəlif səbəblərdən fərqli mövqeləri var idi. ABŞ-ın bu müharibədəki məqsədləri Ukraynanın qələbəsinə mane oldu, amma Rusiyanı da o dərəcədə zəiflətdi ki, daha bu təcavüzü təkrarlaya bilməyəcək. Lakin başqa tərəfdən çox fəal olan Börns və Sallivanın olduqca hiyləgər xətti vardı. Bu insanlar Rusiyanın məğlub olmamasından narahat idilər. Onların mövqeyi Tom Qrem başda olmaqla Rusiya rəhbərliyi ilə aparılan danışıqlarda ortaya çıxdı. Tom Qrem aprelin 25-də Nyu-Yorkda iki həmkarı ilə birlikdə hərbi cinayətkar Lavrovla görüşdü. Onu çox məşhur amerikalı politoloq, Milli Təhlükəsizlik Şurasının fəxri prezidenti müşayiət etdi. Qremlə görüşdə iştirak edən şəxslər bu günlərdə dərc etdikləri məqalədə detalları açdılar. Məlum oldu ki, onlar “Ukrayna onsuz da uduzacaq, güzəştə getmək lazımdır və s.” tezislər irəli sürüblər. Hesab edirəm ki, məhz Qrem tərəfindən Sallivanın təşəbbüsü ilə baş tutan bu danışıqların ifşası mahiyyətcə Ağ Ev administrasiyası daxilində ciddi çevrilişə səbəb oldu. İndi biz Blinken və Ostinin açıq danışdığını və qərarlar qəbul etdiyini görürük. Siyasi tabular aradan qaldırıldı, indi məsələ kəmiyyətlə bağlıdır. F-16-lar, uzaq mənzilli raketlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mənə elə gəlir ki, burada artıq siyasi maneələr yoxdur – bu, tamam başqa müstəvidir.

Yeri gəlmişkən, hava hücumundan müdafiə sistemləri kimi bu F-16-lar niyə çox vacib hesab olunur? Çünki döyüş təyyarəsi olmaqla yanaşı çoxfunksiyalıdır, hər bir F-16 təyyarəsi həm də uçan hava hücumundan müdafiə qalasıdır. Qara dəniz üzərində bir neçə təyyarə patrul etsəydi, bu, Ukraynanın cənubunda hava hücumundan müdafiə problemini həll edərdi. Əsas odur ki, məsələ həll olunub: Ukraynanın tiranlar və qatillər üzərində qələbəsi üçün ABŞ ali rəhbərliyinin iradəsi var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password