De Byazi getdi, problemlər qaldı – çıxış yolu nədir?

 

Azərbaycan futbol ictimaiyyəti yenə qəm dəryasına qərq olub. Milli komandanın növbəti seçmə mərhələni boşa verməsi hamının əhvalını korlayıb. Bu dəfə Canni De Byazini asıb-kəsirlər. 2020-ci ilin iyulunda millinin baş məşqçi postuna təyin olunan italiyalı mütəxəssis də etimadı doğrultmadı və AFFA İcraiyyə Komitəsi onunla yolları ayırmaq qərarı verdi.

Gözlənilən ssenari idi. Çünki yığma geridə qalan 3 il ərzində onun rəhbərliyi altında 4 seçmə mərhələdə mübarizə aparsa da, futbolsevərlərə ancaq xəyal qırıqlığı yaşatdı. İtaliyalının rəhbərlik etdiyi dönəmə işıq salmaq üçün quru rəqəmlərə baxmaq yetərlidir. Millini 39 oyuna çıxaran De Byazi azarkeşlərə yalnız 10 görüşdə qələbə sevinci yaşatdı. 8 qarşılaşmada heç-heçə ilə təsəlli tapdıqsa, 21 matçda məğlubiyyət acısı yaşadıq. Top fərqi də ürəkaçan deyil – 34:56.

Amma etiraf etmək lazımdır ki, Azərbaycan millisinin problemi De Byazi deyil. Ona qədər yığmaya rəhbərlik etmiş mütəxəssislərin də uğursuzluğa görə qarasınca deyinməyin, onları dar ağacına çəkməyin yeri yoxdur. Bir sadə məntiqlə ki, milli futbol piramidasının zirvəsidir. Ölkənin əsas komandasına, müəyyən istisnaları nəzərə almasaq, adətən ən hazırlıqlı, formada və üzdə olan futbolçular dəvət alırlar. Bununla belə, nəticə həmişə aşağı-yuxarı eyni olur. Bu “gedişatı” da illərdir dəyişə bilmirik.

İstənilən ölkənin əsas komandasının iddialı olması, qarşıya qoyulan hədəflərin öhdəsindən gəlməsi iki vacib amildən asılıdır. Birincisi, daxili çempionat güclü, rəqabətədavamlı olmalıdır. İkincisi, ölkə xaricində, özü də səviyyəli klublarda legioner həyatı yaşayan futbolçuların olmalıdır. Təəssüf ki, Azərbaycan Premyer Liqası hələ də arzuolunan səviyyədə deyil. “Qarabağ”ın uzun illərdir “at oynatması” çempionatın hansı durumda olduğuna bir işarədir.

Düzdür, son illərdə xarici ölkələrdə legioner həyatı yaşayan futbolçularımızın sayı çoxalıb. Sadəcə, bu, millinin böyük hədəflərə çatması üçün yetərli deyil. Ən yaxşımız Mahir Emrelidir ki, o da Xorvatiya çempionatında top qovur. Üstəlik, formasını geyindiyi Zaqreb “Dinamo”sunun əsas fiqurlarından sayılmır. Digər milli üzvləri də sıradan klubların uğurları üçün tər tökürlər. Son illər hər nə qədər istedadlı və potensiallı gənclərin üzə çıxdığını müşahidə etsək də, bunun qitə arenasında, nüfuzlu rəsmi turnirlərdə yetərli olmadığını görürük.

De Byazi getdi, Azərbaycan futbolu isə yenə ənənəvi problemlərlə baş-başadır. Dəyişən, sadəcə, illər və baş məşqçilərdir. İnkişaf və nəticə baxımından isə yerimizdə sayırıq. Aşağı yaş qrupları üzrə yığmalar (U-17, U-19, U-21) da uğursuz çıxış edir. Bu isə ölkənin əsas komandasının gələcəyi ilə bağlı həyəcan təbili çalmaq üçün daha bir tutarlı dəlildir.

İndiki halda AFFA-nın üzərinə böyük məsuliyyət düşür. Milli assosiasiya futbola baxışı, yanaşmanı dəyişməlidir. Potensialı ən yaxşı halda qrup üçüncüsü olmağa imkan verən millini əcnəbi mütəxəssislərə tapşırmaq siyasəti artıq özünü doğrultmur. Eyni nəticəni yerli məqşçilər də qazana bilər, buna onların potensialı çatar.

AFFA diqqəti və maliyyəni Azərbaycan futbolunun akademiyalaşması prosesinə daha çox yönəltməlidir. Klublar da bu işin mühüm parçası olmalıdır. Bu sahədə müəyyən addımlar atılsa da, arealı daha da genişləndirmək, futbol akademiyalarının sayını artırmaq lazımdır. Rəhbərliyi isə bu sahədə təcrübəyə malik əcnəbi funksionerlər və mütəxəssislərə tapşırmaq olar. Təbii ki, azərbaycanlı məşqçilərin onların yanında çalışmasını təmin etmək şərti ilə. Belə olan halda bu sahəyə ayrılacaq maliyyənin qarşılığını qarşıdakı illərdə görə bilərik. Çünki Azərbaycanda istedadı və potensialı olan kifayət qədər yeniyetmə var. Sadəcə, onların təməli düzgün qoyulmur və lazımi istiqamətdə inkişaf etmirlər. Buna görə də sonradan U-17, U-19, U-21 milliləri və piramidanın zirvəsində dayanan əsas yığma əziyyət çəkir. Səviyyəli futbolçu evdə, valideynlərinin əhatəsində deyil, akademiyalarda, ciddi nəzarət altında yetişir.

Hazırda millinin formasını geyinənlərdən daha güclü və səviyyəli futbolçular yetişdirməliyik. Bunu edəndən sonra isə “sükan arxasına” Avropa futbolunda sözünü deyən əcnəbiləri gətirmək mümkündür. Əks halda illər yenə boşa veriləcək, piramidanın zirvəsində dəyişən yalnız baş məşqçilər olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password