Rusiyalı ekspert Ermənistanı tənqid etdi: Vəziyyət daha da gərginləşəcək – VİDEO

 

Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşir. 

Baş nazir Nikol Paşinyanın ardından ölkənin müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib.

Bundan başqa, Ermənistan parlamentinin spikeri Alen Simonyan təşkilatın dekabrda keçiriləcək tədbirinə qatılmayacaq.

Bəs görəsən, rəsmi İrəvanın bu addımlarının arxasında nə dayanır?

Məsələni Baku TV-yə şərh edən rusiyalı hərbi ekspert Yevgeni Mixaylov hesab edir ki, Ermənistan bu addımla Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq istəyir:

“Rusiya və Ermənistan arasında münasibətlərin bu həddə çatmasına mən təəccüblənmirəm. Paşinyanın hakimiyyətə gəlməsi ilə ölkə qərbyönlü olduğunu ortaya qoymuş oldu. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirakdan imtina etməsində də təəccüblü bir hal yoxdur. Bu hərəkətlərin arxasında bir məqsəd dayanır: Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq. Bildirirlər ki, hərbi əməliyyatlar zamanı KTMT Ermənistana köməklik etmədi. Niyə köməklik etməlidir? Azərbaycan Ermənistan ərazisinə, dinc insanlara hücum etməyib axı. Bütün günahlar Ermənistanın özündədir, Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul etmirdi. Hakimiyyət düzgün siyasət yürütmürdü, öncə etməli olduğunu sonda etdi”.

Ekspert bildirib ki, KTMT ancaq və ancaq Ermənistanı qorumaq üçün yaranmayıb:

“Mən düşünürəm ki, vəziyyət daha da gərginləşəcək. Çünki Qərb ölkələri Ermənistan üzərində güclərini göstərməkdə davam edirlər. İrəvan bu yolla bank hesablarını doldurur, vəziyyətdən narahat deyil. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ermənistan cəmiyyəti hakimiyyətin davranışlarına son qoymaq gücünə qadirdir. İnsanlar birləşərək rəhbərliyə kimin dost, kimin əsl düşmən olduğunu göstərə biləcəklər. Əgər bunlar baş verərsə, nəticədə Nikol Paşinyan və ətrafı uduzacaq”.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin KTMT-nin sessiyasını boykot etməsinin səbəbini açıqlayıb və qeyd edib ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlar zamanı bu təşkilatdan yardım istəsə də, kömək almayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password