“Tbilisidə müzakirələr hamı üçün faydalı olar” – Azərbayanın mövqeyi dəstək qazanır

 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarıdır. Amerikalı diplomat uzunmüddətli razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirib.

Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana səfəri davam edən Böyük Britaniyanın Avropa naziri Leo Dokerti də eyni sözləri söyləyib: “Sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var”.

Bəyanatları şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Vaşinqtonun və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür.

“Prezident İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Həqiqətən, uzaq Vaşinqtona, Brüsselə və ya Moskvaya gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqansa Gürcüstanın paytaxtı Tbilisidə müzakirələrin başlanılması hamı üçün faydalı olar. Azərbaycan və Ermənistan hər tərəfdən 5 və ya 10 nəfərin iştirakı ilə mütəxəssislərdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tbilisdə daimi əsasda müzakirələrə başlamalıdır”, – o əlavə edib.

Təhlilçi vurğulayır ki, əks halda, Bakı İrəvana təkliflərini göndərədək, aylar sonra onlar cavab göndərəcək və bu proses yenidən təkrarlanacaq, nəticə də olmayacaq.

“Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidirlər”, – təhlilçi qeyd edib./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password