ABŞ Azərbaycana qarşı hərəkətə keçdi – 90-cı illərin o yanlışı təkrarlanır
Konqresdə erməni lobbisinin təsiri ilə ABŞ rəsmilərinin iştirakıyla keçirilən dinləmələr Amerika-Azərbaycan əlaqələrində ciddi problem yarada bilər.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistana təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanmasına təşviq etmək əvəzinə 90-cı illərdə yürütdüyü yanlış siyasəti yenidən təkrarlayır:
“ABŞ-ın Rusiyanı Ermənistan vasitəsilə regiondan çıxarmaq üçün Azərbaycana qarşı hərəkət etməsi bölgədəki geostrateji mövqeyinə zərbə vura bilər. Amma Ermənistanda Rusiyanın əvəzləmək məqsədilə Amerikanın ciddi addımlar atacağını düşünmürəm. Çünki Ermənistan Rusiyadan hərbi, siyasi, iqtisadi, ticari və enerji baxımından tam asılıdır. ABŞ-ın yarana biləcək belə bir boşluğu dolduracaq qədər irəli gedəcəyini düşünmürəm. Mövqe və resurslar baxımından cəlbedici olmayan Ermənistan Amerikaya lazım olmamalıdır. Vaşinqton sadəcə bölgədə özünə yer edib-edə bilməyəcəyini yoxlayır.
Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Ceyms Obrayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Halbuki son illərə kimi Ermənistan, Rusiya və İranla birgə Azərbaycana qarşı siyasət aparıb, işğal siyasətini davam etdirib. Ermənilər hələ də İranla bir yerdədirlər. Yəni indiyədək ABŞ-ın regional siyasətinə zərbəni Ermənistan vurub, Azərbaycan yox.
ABŞ-ın Ermənistan vasitəsilə bölgədə gərginlik yaratmaqda bir məqsədi də regionda güclü mövqedə olan Türkiyə-Azərbaycan birliyini zəiflətməkdir. ABŞ strateji səhvə yol verir, regionda izlədiyi siyasət erməni revanşizminin çörəyinə yağ sürtür. Bu riskli oyun da Ermənistanın növbəti məğlubiyyəti ilə bitəcək, Amerika isə heç nə əldə etməyəcək”./teleqraf.com