“Ermənistan uğrunda geosiyasi mübarizəni müşahidə edəcəyik…” – “ABŞ-ın regiona yanaşmaları adekvat deyil”

 

“Biz açıq şəkildə dedik ki, 19 sentyabrdan sonra sülh danışıqlarında irəliləyiş görməyincə Azərbaycanla münasibətlər normal olmayacaq. Bu səbəbdən bir neçə yüksək səviyyəli səfərləri ləğv etdik və Bakının hərəkətlərini pislədik. Azərbaycana hərbi dəstəyi qadağan edən 907-ci düzəliş vəziyyət düzələnə qədər qüvvədə qalacaq”.

Bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Bryan dünən Konqresin Xarici Əlaqələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. “Önümüzdəki həftələr Ermənistan-Azərbaycan danışıqlarında həlledici olacaq”, – o əlavə edib.

O’Bryan bildirib ki, Bakı hazırda danışıqlarda güclü mövqedən çıxış edir. “Lakin hətta qalib tərəf nə vaxt dayanmalı, daha sərfəli təklif gözləmək əvəzinə, nə vaxt sövdələşməyə getməli olduğunu bilməlidir”, – dövlət katibinin köməkçisi bildirib.

ABŞ rəsmisinin çıxışını şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Konqresdə dinləmələr, Dövlət Departamenti nümayəndəsinin oradakı çıxışı maraqlıdır. O, bir neçə məqama diqqət yetirməyi vacib bilir: “Əvvəlcə ideoloji kontekstdən yanaşaq. Birinci mərhələdə Rusiya öz köçürmə siyasəti ilə Qafqazda erməni dövlətçiliyi haqqında mifologiyanın yaradılmasında iştirak etsə də, 20-ci əsrin əvvəllərində bu prosesdə ABŞ-ın da mühüm rolu olub. “Vilson Ermənistanı” hələ də ermənilərin şüurunu zəhərləyir və ABŞ-dakı ermənilərin ABŞ hökumət strukturlarına qarşı tələblərinin əsasına çevrilib. Bütün bunlar ABŞ-ın erməni mərkəzli yanaşması ilə nəticələnir”.

Ekspert Zəngəzur dəhlizi ilə bağlı ABŞ rəsmisinin fikirlərinin də tənqidə dözmədiyini deyir: “Belə çıxır ki, ABŞ kommunikasiyaların açılmasının Cənubi Qafqaza böyük perspektivlər vəd etdiyinə əmindir, amma bu dəhliz İrandan keçirsə, yaxud Rusiyanın hansısa qurumlarının nəzarəti altındadırsa, bu, qəbuledilməzdir. O zaman bəs Bakı-Tbilisi-Qars? Bu yol artıq mövcuddur. Xatırladım ki, Birləşmiş Ştatlar bu yolun olmaması üçün hər şeyi etdi, 2007-ci ildə hətta bu layihə üçün ayırdığı maliyyəni kəsdi”.

F.Məmmədov Ceyms O’Bryanın Ermənistanın Avroatlantik məkana inteqrasiyası barədə dediklərinə də toxunub. “Dövlət Departamentinin nümayəndəsi açıq şəkildə bildirdi ki, Ermənistan rəhbərliyi bunda maraqlıdır. Yalnız bəxtsizlik – Ermənistanın Baş naziri KTMT-dən çıxmaq fikrində olmadığını bəyan edir… Bəs bu, Ermənistanın imza atdığı hansı sənəddə yazılıb?! ABŞ-da Ermənistanın Baş nazirinin sözünü alırlar… ABŞ-da geosiyasət belə aparılır”, – ekspert sual edir.

Politoloq təəcüblə deyir ki, Qərb anlayışında Ermənistanla sülh müqaviləsi ABŞ və Azərbaycan arasında münasibətlərin normallaşması üçün şərt kimi irəli sürülür: “Bəs Azərbaycanın ərazi bütövlüyü? Axı indiyədək heç bir amerikalı diplomat “Qarabağ Azərbaycandır” deməyib. Belə çıxır ki, onlar heç vaxt Bakının mövqeyini qəbul etməyəcəklər”.

F.Məmmədov dövlət katibinin müavininin Azərbaycanın Rusiya və İranla münasibətləri barədə dediklərini də tənqid edib: “Belə çıxır ki, ABŞ-a görə Rusiya və İranla münasibətlər saxlamaq pisdir. Amma bu bizə aiddir, yəni Azərbaycan Rusiya və İranla qarşılıqlı əlaqədə olanda bu pisdir, Ermənistan Rusiya ilə müttəfiq olub, İranla strateji tərəfdaşlıq quranda bu normaldır. Bəs 30 ildə hansı ölkə Rusiya və İranın regionda kök salmasına şərait yaradıb? Əlbəttə, Ermənistan!”

Politoloq vurğulayıb ki, ABŞ-ın regiona yanaşmaları adekvat deyil. “Azərbaycan bu yanaşmaları səbir və vicdanla transformasiya etməli, güc mərkəzlərinin Ermənistan uğrunda apardığı geosiyasi mübarizəni müşahidə etməli olacaq”, – o qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password