“İqtisadiyyat həyəcan təbili çalır…” – “Hökumət isə özəl sektoru “yolmaq” üçün yeni yollar icad edir”

 

“Mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV-ni azaltmırlar”

Müstəqil ekspertlər durmadan təkrarlayırlar ki, Azərbaycanda hökumətin yürütdüyü iqtisadi siyasət, vergi-gömrük sistemi və ümumilikdə sahibkarlıq subyektlərinə münasibət qənaətbəxş səviyyədə deyil. Buna baxmayaraq, bu sahədə hər hansı ciddi dəyişiklik hiss olunmur, əksinə, bəzi istiqamətlərdə geriləmə müşahidə olunmaqdadır.

İqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib: “Azərbaycanda hökumətin yeni iqtisadi komandasına müəyyən ümidlər var idi – amma, təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ölkəmiz iqtisadi aktivlik göstəricilərinə görə kəskin geridə qalır, ÜDM artımı cəmi 0,5% olub ki, bu da artım deyil, əslində resessiyanın müjdəsidir.

İqtisadi komanda təşəbbüskar deyil, statik və özünüqoruma instinkti ilə davranır, İqtisadiyyat Nazirliyi iqtisadiyyatda baş verənlərə aydınlıq gətirmək əzəzinə dəb sözlər işlədərək qəliz terminlərlə, dünyada trend mövzulara istinadla iqtisadiyyatda baş verən geriləməni ört-basdır etməyə çalışırlar.

Gürcüstanda ÜDM bu il 6,8%, Qazaxstanda 4,7%, Özbəkistanda 5,8%, Moldovada 2%-dən bir az çox artıb. Ermənistanı qeyd etmədim, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir. Bizdə isə ÜDM cəmi 0,5% artıb, vaxt var idi hökumət ÜDM artımını “analoqu olmayan artım” kimi təqdim edirdi, indi vəziyyət dəyişib, çünki həm neft hasilatı düşür, həm də iqtisadi aktivliyin azalması müşahidə olunur ki, bu tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır.

Hökumətin vergi-gömrük siyasəti doğru deyil, iqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir – kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakandə satışında ƏDV-ni azaltmaq istəmirlər.

Bir sözlə – iqtisadiyyat həyacan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, bir tək işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 mlrd. manat əlavə vəsait lazım olacaq. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var. Bizim hökumət isə özəl sektoru “yolmaq” üçün yeni yollar “icad” etməyə çalışır…”/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password