Ukrayna cəbhəsindəki tablo: NATO üzvü “Putin qələbə qazana bilər” deyir
NATO üzvü olan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə jurnalistlərə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsində qələbə qazana biləcəyinə eyham vurub.
Litvanın baş diplomatının bəyanatı Qərbin Ukraynaya dəstək paketini azaltması, Ukrayna qoşunlarının cəbhə xəttində irəliləyişə nail olmamasının fonunda diqqət çəkir.
Hərçənd ki, Rusiya hələ Ukraynanın müstəqilliyini söndürmək və bütün ölkəni özünə tabe etdirmək üçün tərtib etdiyi planı hərtərəfli yerinə yetirməkdən uzaqdır.
Çünki belə demək mümkünsə, Ukraynadakı döyüş meydanında cəbhə xətti donub, nə Ukrayna qoşunları, nə də qarşı tərəf əhəmiyyətli bir irəliləyişə nail olub.
Rusiyanın qurduğu istehkamları yarıb keçmək Ukrayna üçün çətindir, həmlə etdikcə isə daha çox itkiyə məruz qalır və beləcə, rəsmi Kiyev müharibənin yorğunluğunu bütün əlamətləri ilə hiss edir.
Rusiyanın Ukraynadakı hücum kampaniyasını qiymətləndirərkən hərbi cəhətdən vacib bir məqamı qeyd etmək yerinə düşər.
Ukrayna müqavimət göstərsə də, onun ordusunda canlı qüvvə sayı getdikcə azalır və ordunu yenidən komplektləşdirmək çətinləşir.
Hərb səhnəsində digər problem relyefdir, payız hava şəraitinin qışa hazırlıq mərhələsi Rusiya və Ukrayna ordularının hərəkət templərinə təsirsiz ötüşmür.
Hərbiyə siyasət səhnəsindən təsir edən bir halqanı da yaddan çıxarmayaq. Ukraynada gözlənilən prezident seçkisi fonunda dövlət başçısı Volodimir Zelenski ilə onun keçmiş komandası arasında seçki gərginliyinin artması əməliyyat planının icrası önünə sədd çəkir.
Digər yandan, Qərbdən Ukraynaya müharibənin bəlli bir periodunda olduğu kimi həlledici dəstək gəlmir.
Saydığımız faktorlar Ukraynanın əks-hücum əməliyyatlarında xaotik qırılmalara rəvac verir və Rusiyanın hərbi eşelonlarında uzunmüddətli hədəf üçün möhkəmlənməsinə münbit şərait yaradır.
Deməli, Litvanın XİN başçısının cəbhədəki vəziyyət və onun regiona təsirləri fonunda verdiyi mesajın bir ucu Ukraynanın özünə toxunur. Bu mənada ki, Litva Ukraynaya “sən artıq daha təhlükəli risklər ərsəyə gələndə buna təkbaşına cavab verməyi gözə almalısan” ismarışını çatdırır.
Beləcə, Rusiya Prezidenti Vladimir Putində inam formalaşır ki, Ukraynada vaxt onun tərəfindədir və nəticədə Qərbi həmişəkindən daha da geri atacağına əminlik artır.
Rusiyanın Ukrayna teatrında əminlik dərəcəsinin çoxalmasına inam yaradan siyahı təkcə bunlarla bitmir. Rusiya qlobal geosiyasi mənzərədə Moskva üçün əlverişli dəyişikliklərə ümidlənib nəticələri Ukraynadakı kampaniyasına inteqrasiya etməyi qarşıya hədəf qoyur.
Məsələn, Yaxın Şərqin İsrail-Fələstin cinahındakı hərbi eskalasiya Rusiyanın sevincini artırır, çünki Qərbin Ukraynadan diqqəti yayınır. Üstəgəl, Çin də ABŞ-nin Yaxın Şərqdəki auditoriyasını öz tərəfinə doğru çəkir. Bu, Vaşinqton üçün çox ciddi geosiyasi itki riskləri deməkdir və Kreml Pekin-Vaşinqton çəkişməsinin arasında yaranan boşluqları doldurmağa meyillənir.
Rusiyanı beynəlxalq düzən kontekstində ruhlandıracaq faktorlardan biri də ABŞ-nin prezident seçkisi ilinə daxil olacağıdır.
İndi Putin bütün bunların nəticəsində Qərbin Ukraynaya hazırkı diqqətinin yaxın aylarda daha da azalacağını hesablayır, hərçənd ki, Vaşinqtonun alternativ planları masada ola bilər.
Nəzərə alaq ki, ABŞ Ukraynaya hücum kampaniyasının Rusiyanın beynəlxalq nüfuzuna vurduğu zərərləri çoxaltmaqdan ötrü səylərini davam etdirir, hərçənd, rəsmi Moskva ən sərt sanksiyalara belə, tab gətirir.
ABŞ-nin son məqsədi Rusiyanı Ukraynada yorğun salıb onu tükəndirməkdir. Amma Ağ Evin qlobal səhnədə qarşılaşdığı risklər Vaşinqtonun özünə qarşı müqavimət formalaşdırılmasında Moskvaya yardımçı olur.
Görünür ki, Ukrayna üçün öz məqsədinə nail olmasında əlavə çətinliklər üzə çıxır. Çünki Ukrayna Rusiya qoşunlarının çıxarılmasına nail olmaqdan ötrü Qərbdən veriləcək gücləndirilmiş hərbi dəstəklə və geosiyasi qətiyyətin kombinasiyasını təmin etməyi bacarmalıdır.
Amma Qərb özünün çox üstün maliyyə, hərbi və texnoloji resurslarını tam çəki kimi Ukraynaya yerləşdirməkdən ehtiyatlanmağa davam edəcək, çünki bu, Rusiya ilə NATO-nun açıq hərbi qarşıdurmasını stimullaşdıra bilər./oxu.az