Putin: “Bir çox dövlətlər bilərəkdən MDB ölkələrində sabitliyi pozurlar”
“MDB ölkələri təşkilatın təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı işlər görməlidirlər, təhlükəsizlik şuralarının proqnozlaşdırma və informasiya-analitik potensialından tam istifadə etmək vacibdir”.
Rusiya KİV-i xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, beynəlxalq vəziyyət son dərəcə mürəkkəb, gərgin olaraq qalır: “Bir sıra regionlarda köhnə münaqişələr kəskinləşdi və yeni münaqişə ocaqları yarandı. Xüsusilə Yaxın Şərqdə. Qlobal qeyri-sabitlik Avrasiya üçün də proqnozlaşdırılır. Bəzi ölkələrin addımları MDB ölkələrində vəziyyəti sarsıtmağa yönəldilib. Terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və qanunsuz miqrasiya, radikalizm və ekstremizm kimi ümumi təhdidlər, habelə iqtisadi, informasiya, texnologiya və bioloji təhlükəsizlik sahəsində risklər davam edir”.
“Bütün bunlar qabaqlayıcı iş tələb edir. O cümlədən təhlükəsizlik şuralarının proqnozlaşdırıcı, informasiya-analitik potensialından maksimum istifadə etmək MDB məkanında və bütövlükdə dünyada vəziyyətin dərindən və hərtərəfli öyrənilməsi, prioritetlərin dəqiq müəyyənləşdirilməsi, strateji planlaşdırma sənədlərinin vaxtında hazırlanması üçün vacibdir”, – o qeyd edib.