Azərbaycanda Zəfər Günü qeyd olunur
Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin üçüncü ildönümü – Zəfər Günü qeyd olunur.
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi.
10 noyabr bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.
Xüsusi olaraq vurğulayaq ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusu diz çökdüyünün fərqinə vardı və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.
Zəfərin mübarək, Azərbaycan!