Dolların alış və satış qiymətləri bərabərləşdi – Manat bahalaşacaq, yoxsa?
Azərbaycanda bir sıra banklar ABŞ dollarını marja fərqi olmadan satışa çıxarmağa başlayıb. Belə ki, əksər banklarda dolların alış və satış qiymətləri eyni, yəni bir dollar üçün 1,70 manat təşkil edir. Səbəb nədir?
Mövzu ilə bağlı açıqlama verən bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənli bildirib ki, bu gün banklar Mərkəzi Bankın məzənnəsi əsasında dolların alqı-satqısını həyata keçirirlər:
“Bu da ondan irəli gəlir ki, banklarda dollar çoxdur, amma manat lazımdır. Bu gün ölkə iqtisadiyyatının qarşılaşdığı əsas problemlərdən biri də dövriyyədə olan milli valyutanın azlığıdır. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı sərt pul siyasəti ilə bağlıdır.
Belə ki, Mərkəzi Bank həm devolvasiyaya, həm də inflyasiyaya qarşı mübarizə çərçivəsində yüksək uçot dərəcəsi faizinə keçmişdi və banklarda məcburi ehtiyac dərəcəsini artırmışdı.
Belə ki, MB bankların əhalinin və sahibkarların bank hesablarına cəlb etdiyi vəsaitlərin bir hissəsini özündə saxlamağı tələb edirdi və bununla da həmin məbləğləri dövriyyədən çıxarırdı. AMB bunların hamısını ona görə edirdi ki, dövriyyədəki manatın həcmi az olsun. Bu vəziyyət də ölkədə iqtisadi aktivliyi azaldacaq”.
Ekspertin sözlərinə görə, bu vəziyyətin ölkə daxilində və xaricində aparılan ticarətə heç bir təsiri olmayacaq:
“Ona görə ki, bir dollar 1,70 manatdan satılır və bu da ciddi bir məsələ deyil. Banklar da bundan heç bir təsirə məruz qalmayacaq. Ona görə ki, banklar əhalidəki manatı dollarla dəyişmək istəyir. Son illər dollar alışına süni məhdudiyyətlər tətbiq olunur və bir nəfərə il ərzində 20 min dollardan artıq vəsaiti satmağa icazə vermirlər. İndi isə banklar bu addımı atmağa məcbur olurlar və alqı-satqının 20 minlik limit çərçivəsində həyata keçirmək istəyirlər”.