Səfirlər Bakıda “duel”ə çıxdılar – “İkisinə də “dur” demək lazımdır”

 

“Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İsrail və İranın ölkəmizdəki səfirləri arasındakı mübahisələrə diqqət çəkib:

“İran və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq etmək lazımdır ki, ölkəmizi mübahisə poliqonuna çevirməsinlər. Bu iki ölkənin səfiri ilk dəfə deyil ki, sosial şəbəkələr üzərindən söz atışmasına çıxıblar. Bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq, görüşlər keçirməkdir. Bir səfir ölkəmizə aid olmayan müharibəylə bağlı başqa ölkənin səfirini hədələməməlidir. Bu, həmin səfirin çalışdığı ölkəyə hörmətsizliyidir. Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər.

İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə İsrailin ölkəmizdəki səfiri Corc Dikin ünvanına bunları yazıb: “İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, Nil çayında yox, Aralıq dənizində basdırılacaqsınız. Heç bir qurtuluş yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır. Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”.

 

İsrail səfiri Corc Dik bu statusa cavab olaraq bunları yazıb: “Peşəkardan pulsuz məsləhətimi alın. Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”.

Bunu dayandırmaq lazımdır. Fikrimcə, hər iki səfiri ayrılıqda XİN-ə dəvət edib, onları bu “dialoq”a son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password