İki saatlıq gərgin görüş: Hakan Fidandan sərt tələb – “Dərhal…”
Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdə Qəzza başda olmaqla regional gəlişmələr və ikitərəfli əlaqələr müzakirə edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fidan görüşdə Blinkenə bildirib ki, İsrail Qəzzada dinc əhalini hədəfə almamalı və insanların məcburi köçünün qarşısı alınmalı, dərhal tam atəşkəs elan edilməlidir.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Qəzza məsələsi ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə hər iki tərəf mülki şəxslərin zərər görməməsi, humanitar yardımların davamlı və fasiləsiz çatdırılması mövzusunda həmfikir olduqlarını təsdiqləyib.
“Türkiyə və ABŞ Qəzzada mülki əhalinin zərər görməsinin qarşısının alınması, humanitar yardımın çatdırılması və ikidövlətli həll məsələlərində həmfikirdirlər. Görüşdə ikidövlətli həll üçün birgə çalışmağın zəruriliyi də vurğulanıb”, – məlumatda deyilir.
Hakan Fidan amerikalı həmkarına Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğunu söyləyib. Qeyd olunub ki, Xarici İşlər Nazirliyində keçirilən görüşdə İsveçin üzvlüyü çərçivəsində NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər də müzakirə olunub.
İki ölkənin baş diplomatlarının görüşü təxminən 2.5 saat davam edib./teleqraf.com