5800 qeyri-ixtisaslı müəllim – Həkimlər, kimyaçılar və digər peşə sahibləri 

 

Elm və Təhsil Nazirliyinin bu günlərdə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı elan etdiyi müsabiqə təhsilin ən başlanğıc pilləsində çalışanların fəaliyyətini bir növ müəyyənləşdirmək məqsədi daşıyır.

Amma cəmiyyətdə istər-istəməz tərbiyəçi-müəllim adı bir qədər çaşqınlıq yaradır. Hətta “məgər bütün müəllimlər tərbiyəçi deyilmi?” sualı da meydana çıxır.

“Kaspi” qəzeti tərbiyəçi-müəllimin təlim-tədris prosesində funksiyasının nədən ibarət olması, ümumiyyətlə, bu ixtisasın spesifikasının nədən ibarət olmasını aidiyyəti qurum və təhsil ekspertləri ilə araşdırıb.

Vəzifə funksiyalarını yerinə yetirmək

“Təhsilverənlərin vəzifəsi məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçməkdir”, – deyə Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsi mövzu ilə bağlı sorğumuzu cavablandırıb: “Təhsilverən təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etməli, məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməli və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirməlidir”. Həmçinin uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunması, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək də onların vəzifələri sırasına daxildir”.

“Tərbiyəçi” sözünə “müəllim” əlavəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetin məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova “tərbiyəçi-müəllim”in vəzifəsindən danışaraq cəmiyyətdə çox vaxt “tərbiyəçi-müəllim”lə “müəllim”, “tərbiyəçi” və “tərbiyəçi köməkçi” peşələrinin çaşqınlıq yaratdığını deyir: “Məktəbdə dərs deyən şəxs müəllimdir. Bağçada da müəllim funksiyasını aparan şəxsə müəllim deyilir. Sadəcə, 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” qanuna olan dəyişikliyə əsasən, “tərbiyəçi” sözünə “müəllim” sözü də əlavə edildi və həmin şəxslər “tərbiyəçi-müəllim” adlandırıldı. Yəni bağçadakı müəllim tərbiyəçi-müəllimdir. O, bütün tədris prosesinə cavabdehdir. Uşağın gün ərzində rejiminin yerinə yetirilməsi, gəzintisi, məşğələlərin aparılması, planların yazılması, qrupun idarə olunması, oradakı bütün prosesi təşkil edən şəxsdir. Tərbiyəçi köməkçisi isə həmin tərbiyəçi-müəllimin köməkçisidir ki, uşaqların qayğısına qalmaq, onların gigiyenik tələblərini yerinə yetirmək, təmizlik işlərinə baxmaq, tədris prosesi vaxtı müəllimə dəstək olmaq onun vəzifəsidir”.

X.Həmidova  bildirir ki, qanunvericiliyə görə, “tərbiyəçi köməkçilər”in xüsusi bir təhsil almasına ehtiyac yoxdur. Yəni şəxsin tam orta təhsili varsa, bağçalarda tərbiyəçi köməkçisi vəzifəsində işləyə bilər: “Tərbiyəçi-müəllimlər isə mütləq ali məktəbdə və ya kollecdə məktəbəqədər təlim tədris ixtisasını bitirmiş olmalıdırlar”.

Həkimlər, kimyaçılar və digər peşə sahibləri 

X.Həmidovanın sözlərinə görə, tərbiyəçi-müəllim peşəsinə indiyə qədər kütləvi şəkildə qeyri-ixtisas sahibləri – həkimlər, kimyaçılar və müxtəlif peşələri bitirən insanlar qəbul olunub: “Hazırda bağçalarda 5800 nəfər tərbiyəçi müəllim var ki, qeyri-ixtisas sahibidir. Bu da normanın düzgün olmadığını göstərir. Qanun isə tələb qoyur ki, bu vəzifədə yalnız məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirən şəxslər işləyə bilərlər. Elektron formada və imtahanla qəbul bu neqativ halların qarşısını alacaq. Bu da tədricən peşəkarların formalaşması və həmin səviyyədə işləməsinə gətirib çıxaracaq. Təbii ki, bu, daha keyfiyyətli tədris prosesinin aparılması ilə nəticələnəcək”.

Bağçaların kadr problemi

Təhsil eksperti Nadir İsrafilovun məsələyə yanaşması bir qədər fərqlidir. Məktəbəqədər tərbiyəni təməl hesab edən ekspertin fikrincə, bu bünövrə nə qədər yaxşı qoyulsa, məktəbdə də proses o qədər yaxşı gedər: “Sovet dönəmində məktəbəqədər tərbiyə anlayışı vardı. Biz də uşaqların tərbiyəsi ilə əyləncəli metodlarla, müxtəlif öyrətmə üsulları, oyunlarla məşğul olurduq. Sonra dünya təcrübəsinə istinad edib məktəbəqədər tərbiyəni məktəbəqədər təhsillə əvəz etdik. Biz də Yaponiyada, Sinqapurda mövcud olan erkən təhsilə cəlbolunma variantına əl atdıq. Yəni təhsili də bağçaların üzərinə yüklədik. Hazırda məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bir halda ki, məktəbəqədər təhsildən söhbət gedir, bu, bağçalarda olmalı idi. Amma bağçalarda yer məsələsi ilə bağlı qıtlıq yarandı. Çoxsaylı bağçaları kadrla təmin etmək mümkün deyildi. Belə qərara alındı ki, ali təhsilli ədəbiyyat, kimya, fizika, biologiya və s. müəllimlər də bağçalarda işlə təmin olunsunlar”.

N.İsrafilov qeyri-ixtisas sahiblərinin bağçalarda işləməsi ilə bağlı yaranan narazılıqları da xatırlayır: “Bir ara qeyri-ixtisaslıların işdən çıxarılması, əmək haqlarının differensiallaşması məsələsi gündəmə gəldi və böyük müzakirələrə səbəb oldu. Hətta bəzi ekspertlər “Finlandiyada bu vəzifəyə magistratura pilləsini bitirənləri götürürlər”, – deyə fikirlərini bildirdilər. Amma məsələnin digər tərəfi də var: bağçada çalışan müəllim ali təhsilli ədəbiyyat və ya digər humanitar fənn müəllimidirsə və 20-30 il işləyibsə, onun işdən çıxarılması nə qədər düzgün yanaşmadır? Hesab edirəm ki, bu məsələlər kadr potensialı ilə bağlıdır. İndi məktəbəqədər hazırlıq müəllimlərinin sertifikasiyasının keçirilməsi məsələsi də nəzərdə tutulub”.

N.İsrafilov hesab edir ki, məktəbəqədər təhsildə kadr məsələsi tədricən qaydaya düşəcək: “Kadr potensialı artdıqca, məktəbəqədər təhsildə işləyən qeyri-ixtisaslılar təqaüdə çıxdıqca problem aradan qalxacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password