Türk dövlətləri toplanır: tarixi fürsət yaranıb – Professor
Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçiriləcək Zirvə toplantısı dünyada baş verən geosiyasi proseslər fonunda digərlərindən seçiləcək.
Bu sözləri 3 noyabrda TDT-nin Astanada keçiriləcək 10-cu Zirvə toplantısında müzakirə olunacaq məsələlər haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Zirvə görüşündə dövrün tələbinə uyğun şəkildə ortaq siyasətin həyata keçirilməsi üçün yol xəritəsinin müəyyən ediləcəyini vurğulayıb:
“Hazırda davam edən Rusiya-Ukrayna və Yaxın Şərqdə başlayan İsrail-HƏMAS müharibəsi dünyada enerji təhlükəsizliyi məsələsini əsas gündəm mövzuya çevirib. Ona görə də Mərkəzi Asiya və Cənubi Qafqaz diqqət mərkəzindədir. Bunu sözügedən bölgələrə artan səfərlərdən də görmək mümkündür. Qərb türk dövlətlərinin sahib olduğu enerji ehtiyatlarından aktiv şəkildə istifadə etmək üçün yollar axtarışındadır.
Digər tərəfdən qlobal səviyyədə ticarət yolları üzərində mübarizə getdikcə qızışır. ABŞ Aralıq dənizində mövqelərini gücləndirmək və İsrail ilə Kiprdən faydalanmaq istəyir. Vaşinqton Hindistan–Yaxın Şərq–Avropa ticarət dəhlizini təklif edir. Hətta bununla bağlı sentyabr ayında Hindistanda keçirilən G-20 Zirvəsində bir sıra addımlar atıldı. Türk dövlətləri isə Çinlə birgə “Bir kəmər, bir yol” layihəsinin gerçəkləşdirilməsində maraqlıdır. Yeni dünya düzəninin qurulması prosesində böyük güclər arasında rəqabət artır.
Hazırki hadisələr eyni zamanda bir fürsətdir. Şimali Kipr və Macarıstanın da müşahidəçi üzv olduqlarını nəzərə alsaq, əlimizdəki enerji ehtiyatlarının və geosiyasi mövqeyin dövlətlərimizin və TDT-nin önəmini artırdığını, güc mərkəzinə çevirdiyini deyə bilərik. İçərisində olduğumuz mərhələ bizdən birgə, düşünülmüş, planlı, çevik, dinamik siyasət həyata keçirilməsini tələb edir. Çünki əgər yaxın gələcəkdə ortaya çıxacaq yeni siyasi sistemdə özümüzə layiqli yer tutmaq, söz sahibi olmaq istəyiriksə, bir olmaqdan başqa çıxış yolumuz yoxdur.
Fikrimcə, Zirvə görüşündə də sadaladığımız iqtisadi, təhlükəsizlik və s. məsələlər əsas gündəm mövzuları olacaq, vahid siyasi mövqedən çıxış etmək üçün yol xəritəsi müəyyən ediləcək”./axar.az