Tokayev-Makron danışıqları: Medalın görünən üzü və arxası
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfərə getdi, bunun ardınca isə o, Mərkəzi Asiyanın digər respublikası Özbəkistana ayaq basır. Fransanın Mərkəzi Asiyadakı rolunu qiymətləndirməkdən ötrü ilk növbədə regionun açar geosiyasi oyunçusu Qazaxıstanla Paris arasındakı əlaqələrin dinamikasına diqqət yetirməkdə fayda var.
Bunu Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev Makronla görüşünün nəticələrinə dair mətbuata birgə bəyanatlar zamanı rəqəmlərlə göstərdi.
Tokayevin sitatlarını tezis şəklində komplektləşdirib təqdim edirik.
– Fransa Qazaxıstanın ən böyük ticarət tərəfdaşlarından biridir;
– İki ölkə arasında 2023-cü ilin səkkiz ayı ərzində ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 21 faiz artaraq 2,7 milyard dollara çatıb;
– Fransa Qazaxıstana sərmayə qoyan əsas xarici investorlardan biridir;
– Fransa son 15 ildə Qazaxıstana 18,7 milyard dollar sərmayə yönəldib;
– Fransa ilə Qazaxıstan enerji, nüvə sənayesi, mədənçıxarma, kimya sənayesi, maşınqayırma, aerokosmik və səhiyyə sahələrində mühüm layihələr həyata keçirirlər.
Fransa üçün Mərkəzi Asiya ilə tərəfdaşlığı möhkəmləndirməyin açıq faydalarından biri potensial enerji sektorunda əməkdaşlıqdır.
Qeyd edək ki, Qazaxıstan əhəmiyyətli uran ehtiyatlarına malikdir və dünyanın ən böyük istehsalçısıdır.
Fransanın elektrik enerjisinin təxminən 70 faizinin nüvə enerjisindən gəldiyini nəzərə alsaq, onun Qazaxıstanla dərinləşdirilmiş tərəfdaşlığı Fransa reaktorları üçün ardıcıl uran tədarükünü təmin edə bilər.
Qazaxıstanın ehtiyacına gəlincə, o, öz sərhədləri daxilində atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirməyə hazırlaşır.
Fransanın nüvə sektorunda dərin təcrübəsini nəzərə alaraq, bu əməkdaşlıq Qazaxıstana əla fürsət təqdim edir.
Göründüyü kimi, Fransa ilə Qazaxıstanın münasibətləri normaldır və əməkdaşlığın geniş sferası, xüsusilə nüvə sənayesi və aerokosmik sahədəki əlaqələr iki ölkənin təhlükəsizlik sahəsində də bir-birinə ehtiyacını yaradır.
Hərçənd, iki dövlətin bir-birinə təhlükəsizlik müstəvisində zəmanət verməsi inandırıcı gəlmir. Çünki regionda sürətlə inkişaf edən ticarət dinamikası geosiyasi gərginliyi artırır, sadəcə olaraq, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) əlverişli alternativ yüksəlişini bada vermək istəmir.
Bu baxımdan, Fransa ilə Qazaxıstan geosiyasi gərginlikdə perspektiv rəqib olmaqdan yayınırlar, onların yaxınlığının ruhundakı təhlükəsizlik çağırışları, uzağı, mövcud münasibətləri bir qədər irəliyə aparmaqla yadda qala bilər.
Orta Dəhlizin marşrutu Çindən başlayır, oradan Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyəyə keçir və Avropaya çıxış üçün alternativ təqdim edir.
Çin bu şəbəkəyə özü ilə Avropa arasındakı uçurumu aradan qaldıran funksionallıq qazandırmaq istəyir, bu baxımdan, Qazaxıstan Orta Dəhlizdə ticari əlaqələri şaxələndirmək missiyasını canla-başla yerinə yetirib həm özü, həm də region üçün yaranan riskləri azaltmağı hədəfləyir.
Fransa Qazaxıstanla münasibətlərindən istifadə edib onun tranzit imkanlarının daxilində imperativlər formalaşdırmağa meyil edir və bununla Mərkəzi Asiya üzrə prioritetlərini keyfiyyətli etmək niyyətini göstərir.
Ancaq təkcə ikitərəfli münasibətlər kifayət deyil, gərək geosiyasi oyunçuların da maraqları nəzərə alınsın ki, ortadakı təhlükəsizlik dilemmalarını xoş bir sistem əvəzləsin.
Bu çox çətin məsələdir, mürəkkəbliyi təsvir etməkdən ötrü bir neçə amilə göz atmaq lazımdır.
Birincisi, Rusiya amilidir. Orta Dəhliz Rusiyanın üstünlük təşkil etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin geoiqtisadi şaxələnməsinə maneə yaradır. Çünki həmin marşrut Rusiyadan yan keçir. Hərçənd ki, Rusiya üçün optimizm var. Belə ki, Orta Dəhliz boyunca yüklərin həcminin artmasına baxmayaraq, o, hələ də “Şimal marşrutu” ilə daşınan ümumi yüklərin 10%-dən azını təşkil edir.
İkincisi, Qərbin bir parçası olan Avropa İttifaqı Orta Dəhliz marşrutuna görə sevincək düşüb. Ancaq ABŞ Orta Dəhlizin qlobal strateji əhəmiyyətini Çinin artan nüfuzu fonunda azaltmaq üçün Avropa-Pekin münasibətlərinin arasına tıxac vurmaq istəyir.
Deməli, Rusiya və ABŞ fərqli məntiqlərlə olsa da, Orta Dəhlizin öz potensialını tam reallaşdırmaması üçün infrastruktur keyfiyyəti ilə bağlı problemli məsələlərdən və ziddiyyətli milli maraqlardan maksimum istifadəyə çalışa bilərlər.
Üçüncüsü və elə ən təhlükəlilərindən biri Fransanın regional iştirakındakı səviyyəsidir, çünki Paris çoxbaşlı qlobal oyun oynadığını heç gizlətmir.
Onun ABŞ və Böyük Britaniya ilə münasibətləri müttəfiqliklə rəqabətin harmoniyasına söykənir. Buna görə də Paris gah Çin, gah da Rusiya ilə sövdələşməyə kanallar axtarır – yeganə məqsəd Parisin regional və qlobal statusundakı itkilərini kompensasiya etməkdir.
Bu nöqtədə Makronun Qazaxıstan-Fransa Biznes Forumunda ölkəsinin Orta Dəhlizin inkişafına töhfə verməyə hazır olduğunu bildirməsi diqqət çəkməyə bilməz. Fransa bununla iki mühüm məqsəd güdür. Birinci növbədə Avropa İttifaqında söz sahibi olduğunu göstərib Brüsselin maraqlarının təminində əsas və kompleks tədbirlərə malik olduğunu sərgiləyir.
İkincisi, Makron Fransanın ambisiyalarını Çin üçün şirnikləndirici etməyə çalışıb Parisin regiondakı maraqlarının təminində Pekindən dəstək umur.
Bütün bunlar onu göstərir ki, Qazaxıstanın Rusiya, Çin kimi qonşuları və Qərblə konstruktiv, mehriban qonşuluq münasibətlərinə ehtiyacı davam edəcək. Astananın bu nöqteyi-nəzəri özünü geosiyasi mürəkkəblik qatının artmasından sığortalamaqdır.
Deməli, Tokayev-Makron danışıqlarının mahiyyəti qeyd edilən tendensiyaların fonunda böyük bir ölçüdə açılır.
Makronun Özbəkistana yolunu salması isə onu göstərəcək ki, Fransa Mərkəzi Asiya ilə əlaqələrdəki dinamikanı Avropa İttifaqı daxilində özünün hökmran mövqeyi kimi inkişaf etdirəcək.
Ümumi bir fonda, Fransanın geosiyasi oyunların keçid nöqtələrinin birində – Mərkəzi Asiyada – fəal şəkildə təsir əldə etməyə çalışması regiondakı tarazlığı əyə bilər./oxu.az