“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılışı və fotoalbomun təqdimatı keçirilib
Muzey Mərkəzində bu günlərdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılış mərasimi və “İrəvan — tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatı keçirildi. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, tarixçilər, İrəvanı idarə edən xanların nəsil davamçıları, Qərbi Azərbaycandan olan ziyalılar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə təşkilatın bu sahədə fəaliyyəti və icra olunan layihə haqqında ətraflı məlumat verdi. Erməni vəhşiliklərindən, soydaşlarlmızın tarixi torpaqları olan Qərbi Azərbaycanda tarixi abidələrimizə, mədəni irsimizə, toponimlərimizə qarşı aparılan vandalizmdən geniş danışdı və sərginin təşkili, eyni zamanda fotoalbomun hazırlanmasında əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.
Layihənin məsləhətçisi, Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa sərgininin və fotoalbomun ictimaiyyət üçün zəruriliyini qeyd etdi. Bu işlərin belə səpgidə görülməsi və dünya ictimaiyyətınə çatdırılması, ermənilərin İrəvan şəhərində və bütöv indiki ermənistan ərazisində oranın əzəli sakinləri olan soydaşlarımızın mədəni irsinə qarşı törətdiyi soyqırımın qarşısının alınması ilə bərabər saxtalaşdırılmanın da qarşısının alinmasına kömək edəcəyindən danışdı.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda dəstəklədiyi layihələr haqqında məlumat verdi. O bu il 24 QHT-nin Qərbi Azərbaycan lahiyəsi üzrə işlərin görülməsi haqqında danışdı və gələcəkdə də bu işlərin davam etdiriləcəyini qeyd etdi.
Daha sonra çıxış edən Millət vəkili Naqif Həmzəyev layihənin əhəmiyyətini xüsusi vurğuladı və eyni zamanda Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşdü. O əminliklə doğulduğu və 5 yaşında qovulduğu dədə-baba torpaqlarına qayıdacağı günün az qaldığından, hər gecə yuxularında oraları gördüyündən danışdı.
İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın Almaniyada yaşayan nəsil davamçısı Əmir Əli Sərdari İrəvani Azərbaycan milli kimliyinin qorunması üçün birliyin və Qərbi Azərbaycanla bağlı vahid siyasətin aparılmasının vacib olduğunu bildirdi. Bu gün oranın əsl sahiblərinin soydaşlarımızın olduğunun dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edən Əmir Əli İrəvani Qarabağın işğaldan azad edilmiş ərazilərində olduğunu və erməni vandalizminin orada törətdiyi fəsadlardan danışdı. O, artıq hamımızın “Biz İrəvanlıyıq!” şüarı altında birləşməyə çağirdı.
Yekun olaraq çıxış edən Fransada Azərbaycan diasporunun fəal üzvü, politoloq Zaur Sadıqbəyli Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında aparılan informasiya mübarizəsindən danışdı. Bu gün xalqımızın düşmənləri ermənilərə havadarlıq etməklə onların talan etdikləri, özününküləşdirməyə çalışdığı tariximizi və irsimizi dünyaya yaymaqda nə qədər maneçilik törədsələr belə bu kimi sərgi və albom onlara layiqli cavab olacağını qeyd etdi.
Daha sonra sərginin açılış mərasimi oldu. Sərgidə yer aldığı Qərbi Azərbaycan-qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən 3 dildə – Azərbaycan, rus, ingilis dillərində izahlı şəkildə 300-ə yaxın fotoşəkil və rəsmləri iştirakçılar tərəfindən maraqla seyr edildi. Bundan əlavə, sərgidə Qərbi Azərbaycana məxsus milli geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, qədim dövrə aid əşyalar nümayiş olundu. Eyni vaxtda İrəvan mətbəxinə məxsus şirniyyatlarla çay süfrəsi təşkil edildi. Növbəti günlərdə də sərgiyə gələn yüzlərlə insan, o cümlədən gənclər və uşaqlar oradakı fotoalbom və qədim əşyaları maraqla seyr etdilər. Təqdimat və sərgi vaxtı iştrakçılar maraqlı fotoşəkillər çəkdilər.
Əli Vəliyev
Məqaləyə dair fotomateriallar: