Makronun Bakıya ehtiyacı var: nə xahiş edəcək?
Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana ehtiyacı olacaq.
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O xatırladıb ki, Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir:
“Atom elektrik stansiyalarının çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb. Emmanuel Makronun məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək. Qazaxıstan da kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir”.
Politoloqun sözlərinə görə, Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var:
“Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınması da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya, yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə, Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makron Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir”.
E.Şahinoğlunun fikrincə, Fransanı başqa bir problem də gözləyir:
“Qazaxıstan uranını Çin də alır. Bu ölkənin xeyli atom elektrik stansiyası var. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub, 2012-ci ildən başlayaraq, Qazaxıstanın ən böyük uran alıcısıdır. Pekin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır və Qazaxıstanın bütün uranını almağa hazırdır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq üçün Astanaya təzyiq etməyə çalışacaq”./axar.az