Hakan Fidan və Abdullahiyandan birgə mesaj: “Müharibə dayanmasa…”

 

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş keçirilib.

Görüşdən sonra nazirlər mətbuata açıqlama veriblər.

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gələcəyini açıqlayan Fidan Fələstin-İsrail münaqişələrinin dayandırılması üçün atılması lazım olan addımlardan da danışıb.

“İran prezidenti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Oktyabrın 7-dən etibarən müvafiq tərəflərlə sıx diplomatik təmasdayıq. Ədalətli davranmağı hədəfləyirik. Ukraynaya başqa, Fələstinə başqa münasibət ola bilməz”, – nazir deyib.

Fidan çıxışında 26 gündür davam edən İsrail-Fələstin münaqişələrinə toxunaraq, Qəzzada yaşanan faciənin ən böyük gündəm maddəsi olduğunu bildirib. O, bu qırğın və dağıntı qarşısında səssiz qalmağın mümkün olmadığını söyləyib: “Biz hər platformada bəyan etmişik ki, günahsız mülki şəxslərə qarşı hücumları bəyənmirik. İsrail anlamalıdır ki, təhlükəsizliyi zorakılıqla təmin etmək olmaz”.

Onun sözlərinə görə, həm Fələstin, həm də İsrail üçün təhlükəsizlik və sülhə nail olmağın yolu ikidövlətli həlldən keçir:

“Bu gün bizim iranlı həmkarımla digər regional hadisələri müzakirə etmək imkanımız oldu. Bu, İraqı da əhatə etdi. Son dövrlər İraqda əvvəlki dövrlərlə müqayisədə daha stabil proses müşahidə edirik”.

 

Hakan Fidan Qərbin müharibədə maraqlı olduğunu vurğulayıb:

“Təəssüf ki, Avropa Birliyi mövqeyinə görə “atəşkəs” sözünü eşitmək istəmir. Onların durduğu yeri ABŞ və İsrail göstərir”.

Abdullahiyan da görüşlərinin əsas gündəminin Qəzza olduğuna diqqət çəkib. İranlı nazir müharibənin yayılmasının qarşısını almaq üçün bütün bölgədə danışıqların davam etdiyini bildirib. Dünən Dohada Qətər və HƏMAS rəsmiləri ilə görüşlərini deyən Abdullahiyan qeyd edib:

“Müharibə tez bir zamanda dayandırılmasa, bölgə bütün tərəflərin nəzarətindən çıxacaq”.

O, bunun məsuliyyətinin ABŞ, İsrail və hərbi cinayətləri dəstəkləyənlərin üzərinə düşəcəyini bildirib. Abdullahiyan qeyd edib ki, Rəisinin Türkiyəyə səfəri yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password