13 ilə çəkilən film qalib oldu – Ərturan Nəcəfi
Novruza aid adət və ənənələrimizə fərqli baxış və qeyri-standart yanaşma tərzinə görə film münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin, Novruzu Azərbaycan xalqı ilə məhdudlaşdırmamışıq, türk dünyasına aid bayram kimi təqdim etmişik.
Bu sözləri güneyli rejissor Ərturan Nəcəfi Göl “ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalıbi olan “Novruznamə” filmi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, festivalın məqsədi türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaqdan ibarət olub:
“Noruznamə” qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası festivalının “ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalıbi oldu. Filmdə bayatılar, nəğmələr, bir sözlə, folklordan əlavə, Novruz bayramının mifoloji köklərində bütün türk dünyasını birləşdirən elementləri göstərməyə çalışmışıq. Bu, festivalda münsiflər tərəfindən maraqla qarşılandı. Film “Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi” ilə “Buta Film”in birgə məhsuludur.
Filmin prodüserləri həyat yoldaşım Sevinc Məmmədova, mən və “Buta Film”in başçısı İlqar Nəcəfdir”.
Rejissorun sözlərinə görə, o, bu filmin üzərində 10 ildən çox çalışıb:
“Çəkilişlərə 2010-cu ildən başlamışam, 2023-də bitirdim. Belə çox zaman alması isə müxtəlif məkanlarda çəkiliş aparılması ilə bağlı idi. Filmdə dörd dağ görünür. Birini bu dağda, o birini uzaq məsafədə yerləşən başqa bir dağda çəkməli olurduq. Çəkiliş məkanları çox idi və ağır film idi. Film üçün bu illər ərzində ən azı 40-50 min dollar xərclənib. Dövlət maliyyə ayırmayıb, öz şəxsi pulumla çəkdiyimə görə belə uzun müddət vaxt keçdi. Filmin çox hissəsi Urmiyada, Təbrizin ətrafında olan kəndlərdə çəkilib. Oranın təbiətində, dağlarında, Bəzz qalasında yaradıcı heyət günlərlə qalaraq görüntülər əldə edib. Çox az hissəsi isə bu tayda çəkilib. İsmayıllıda meşəlik, dağ, çay görüntülərini lentə almışıq. Aktyorlarla olan quraşdırma səhnələrin hamısı Güneydə çəkilib. Bir sıra festivallara yenə dəvət almışıq və yaxın günlərdə Bakıda təqdimatı keçiriləcək”./kult.az