Minimum əməkhaqqı niyə artırılmadı? – “Biabırçı bir vəziyyət olsa da, bu gün…”

 

Xəbər verildiyi kimi, Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində öz əksini tapıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqında son illər müəyyən artımlar müşahidə edilirdi. Məsələn, 2022-ci ildə minimum əməkhaqqı məbləği 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü il yanvarın 1-dən isə 15 faiz artılaraq 300 manatdan 345 manata çatdırılmışdı. Sözügedən artımlar əvvəlki illərdəki inflyasiya göstəriciləri əsasında reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar – sentyabr aylarında isə inflyasiya tempi bir qədər də azalıb, orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib.

Qeyd edək ki, DSK-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək qiymət artımı tərəvəz məhsullarında (28,4%) və hava nəqliyyatı ilə sərnişin daşınması xidmətində (23,7%) qeydə alınıb.

Bu il Azərbaycanda qiymətləri ən çox artan digər məhsullar aşağıdakılardır:

– Dərmanlar 17.8%;

– Ət və ət məhsulları 15.6%;

– Ərzaq məhsulları, içkilər, tütün məhsulları 14.3%;

– Dəftərxana ləvazimatları 18.90%;

– Zinət əşyaları 16.40%;

– Çay, qəhvə və kakao 15.70%;

– Çörək və çörək məmulatları 14%;

– Mebel və ev əşyaları 12.10%;

– Avtomobillərin təmiri 11.60%.

Qeyd edək ki, 2024-cü ildə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır.

Maraqlıdır mövcud durumda minimum əməkhaqqının artırılmaması vətəndaşların sosial durumuna necə təsir edəcək?

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli şərhində bildirib ki, minimum əməkhaqqının növbəti il üzrə də artırılması mümkündür:“Hesab edirəm ki, hökumət minimum əməkhaqqını yenə artıracaq. Çünki dekabr ayında Ermənistanda və Gürcüstanda minimum əməkhaqqının artırılması ilə bağlı fərmanlar gözlənilir. Hər halda bu zaman hökumət yaranan fərqi nəzərə alacaq. Hökumətin belə bir öhdəliyi olmasa da, minimum əməkhaqqına növbəti dəfə baxılacaq və qərar veriləcək. Eyni zamanda, Azərbaycanda hazırda 10,9 faiz inflyasiya var və növbəti il üçün ən azı 5-6 faiz inflyasiya gözlənilir. Bu o deməkdir ki, əhalinin yaşam xərci aldığı əməkhaqqı müqabilində ən azı 15-16 faiz artıb. Bu baxımdan da güman etmək olar ki, minimum əmək haqqı artırılacaq”

Ekspert minimum əməkhaqqı artılarkən ortaya çıxan bir sıra problemlərdən danışıb:“Əslində hökumət burada dilemma qarşısında qalır. Çünki minimum əməkhaqqı artan zaman təkcə dövlət sektorunda maaşlar artmır, həm də özəl sektor üçün aşağı əməkhaqqı həddi müəyyənləşdirilir. Biabırçı bir vəziyyət olsa da, bu gün özəl sektorda 350-400 manatlıq işlər var. İqtisadiyyatın rentabelliyi artmadıqda, əməkhaqqı xərcləri artdıqda biznes mühitində problemlər yaranır, mənfəət marjaları daralır. Digər tərəfdən, minimum əməkhaqqının, sosial effekti ilə yanaşı həm də vergi effekti var. Minimum əməkhaqqı artdıqca maaşdan tutulan vergi də artır və nəticədə hökumət büdcəyə daha çox vergi toplayır. Dövlət sektorunda əməkhaqqının dərəcələnmə sistemi var. Minimum əməkhaqqı 15 pilləli bu sistemin birinci pilləsindədir. Birinci pillədə də dəyişiklik olanda digər 14 pillənin hamısında dəyişiklik baş verir”.

Ekspert qeyd edir ki, minimum əməkhaqqının yüksəlməsi şəffaflığı artırsa da, bəzən bu cür artımlar əhaliyə mənfi təsir edə bilir:“Ölkəmizdə bu sahədə maraqlı bir vəziyyət yaranıb. Tutaq ki, bu gün 800 manat maaş alan bir vətəndaş minimum əməkhaqqı 345 manat olan zaman bu məbləğin 455 manatını əldən, yerdə qalan 345 manatını isə kart vasitəsilə alır. Minimum əməkhaqqı artan zaman paralel olaraq vergilər də artır və nəticədə vətəndaşın əlinə çatan pulun məbləği azalır. Məsələn, əvvəl 800 manat alan vətəndaşın maaşından 50 manat vergi tutulurdusa, minimum əməkhaqqı artdıqdan sonra 70 manat və ya daha yuxarı məbləğlərdə vergi tutulur. Yəni özəl sektor bu cür artımlarda işçinin maaşını artırmyan zaman vətəndaşın real gəliri azalmış olur”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password