Fələstinə dəstək mitinqində Qarabağ mesajı – Ərdoğandan sərt çıxış
Türkiyənin İstanbul şəhərində (Atatürk hava limanı) Fələstinə dəstək mitinqi keçirilir.
Mitinqə Prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar, parlament sədri Numan Kurtulmuş, MHP sədri Dövlət Baxçalı, Diyanət İşləri sədri Əli Ərbaş və digər ictimai-siyasi xadimlər də qatılıb.
Prezident Ərdoğan mitinq iştirakçıları qarşısında çıxış edib.
Türkiyə liderinin çıxışından bəzi məqamlar belədir:
“Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox coğrafiyalar üçün göz yaşı tökdük. Ömrümüz boşuna keçməyib. Bu gün bəzi insanlar Qəzzanı bizə heç bir aidiyyəti olmayan uzaq bir yer kimi görür, hətta açıq şəkildə deyirlər. Halbuki bir əsr əvvəl bu ölkə üçün Adana nə idisə, Qəzza da o idi. Mosul və Mardin, Hələb və Qaziantəp nə idisə, Qəzza da ayrılmaz olduğunu düşündüyümüz vətənimizin ayrılmaz bir parçası idi. Biz haradan gəldik? Çanaqqala şəhidlər xiyabanına getdiyiniz zaman məzar daşlarının üzərindəki adlara, şəhərlərə yaxşıca baxın. Orada balıkəsirli və şanlıurfalı kimi qəzzalı və üsküplüləri bir yerdə görəcəksiniz.
Dediyim kimi, HƏMAS terror təşkilatı deyil, İsrail bundan çox narahatdır. Onsuz da başqa heç nə gözləmirdik. Bunu bildiyimiz üçün açıq şəkildə ifadə etdik. İnşallah “La Qalibə İlləllah” deyirik. Biz buna inanırıq: qalib yalnız Allahdır.
Burada təkcə Qəzzada törədilən qətliamdan danışmırıq. Biz həm də öz müstəqilliyimizi, gələcəyimizi müdafiə edirik. Sultan Əbdülhəmidin o yerlər üçün azmı zəhmət çəkdi? İsrail idarəçilərinin ən yüksək səviyyədə dilə gətirdiyi anlayışların altını cızsanız, ölkəmizin ərazisini ehtiva edən bir xəyanət xəritəsi ortaya çıxacaq.
1947-ci ildə Qəzza, Fələstin nə idi, bu gün nədir? İsrail, sən bura necə gəldin, necə girdin? Sən işğalçısan. Siz bir təşkilatsınız. Türk milləti bunu bilir. Qərbin sizə borcu var, amma Türkiyənin sizə borcu yoxdur. Ona görə də biz sərbəst danışırıq. Ərdoğan ona görə belə danışır ki, Türkiyənin sizə heç bir borcu yoxdur. Amma təəssüf ki, Qərbin hər bir ölkəsi sizə borcludur. Danışa bilmirlər. Səni ziyarət etməyə gəlirlər. Ziyarətə gəlib səndən əfv diləyirlər. Bizim belə problemimiz yoxdur. Biz məzlumların tərəfindəyik”.