Balıq alarkən diqqətli olun: görün nələr edirlərmiş – XƏBƏRDARLIQ
Havaların soyuması ilə əlaqədar balıq və balıq məhsullarına tələbat artıb.
Ərzaq mağazalarında, bazarlarda balıq satışlarının artdığını müşahidə etmək olur.
Təbii ki, istehlakçıları ən çox maraqlandıran “təzə və köhnə balığı necə ayırd etmək olar” sualıdır.
Mövzu ilə bağlı danışan qida mütəxəssisi İlkin Şirinov bildirib ki, ilk növbədə bunu balığın fiziki görünüşünə baxmaqla fərqləndirmək olar:
“Bu yöndə əhalinin maariflənməsinə ehtiyac var. Əksəriyyət deyir ki, balığın qəlsəməsi qırmızı rəngdədirsə, deməli, təzədir. Bu heç də belə deyil. Bu gün işbazlar daha çox pul qazanmaq üçün qəlsəmələri qırmızı rənglərlə rəngləyirlər. Balığın köhnə və ya təzə olduğunu fərqləndirmək üçün ilk növbədə balığın gözünə fikir vermək lazımdır. Belə ki, sudan təzə çıxmış balığın gözü şiş və parlaq, şəffaf olur. Balıq bir gün qaldıqdan sonra artıq onun göz hissəsi çuxura düşür. Gözü çuxura düşmüş balıq isə birmənalı şəkildə köhnəlməyə doğru gedir. Bunu qətiyyən almaq olmaz. Çünki bu, bədəndə xüsusi zəhərlənməyə gətirib çıxaran məsələlərdən biridir.
Digər tərəfdən vaxtı keçmiş və köhnəlməyə doğru gedən balığın xüsusi qoxusu olur. Vaxtı keçmiş balığın pulcuqları üzərindən tökülmüş halda olur. Belə balığı təmizlədikdə həmin balığın ətini doğramaq olmur, ət parçalanıb tökülür. Əgər belə hallar müşahidə olunarsa, bu cür balıqdan istifadə etmək sağlamlıq üçün zərərli ola bilər”.
“Müşahidə aparsaq, görərik ki, bu gün bazarlarda və insanların çox olduğu yerlərdə, küçə satışında balıq məhsullarının satışını təşkil edirlər. Təbii ki, balıq insan sağlamlığı üçün xeyirli qidadır, amma bu gün gigiyenik qaydalara əməl edilmədən küçələrdə, günəş şüasının altında, antisanitar vəziyyətdə satılan balıq məhsullarının insan sağlıamlığı üçün hansısa faydasından danışmaq olmaz. Əksinə, belə məhsullar insan sağlamlığına birbaşa ziyan vuran amillərdəndir. Təəssüf ki, bu gün artıq küçə satışı gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu da məsələnin bəlalı bir yeridir”.
İ.Şirinovun sözlərinə görə, konservləşdirilmiş və hisə verilmiş balıqların saxlanılma şəraitinə də xüsusilə fikir vermək lazımdır:
“Bu gün konservləşdirilmiş balıq məhsullarının saxlama şəraiti üzərində qeyd olunur. Amma gəlin, nəzər salaq, görək, həqiqətən də bu saxlama temperaturuna və şəraitinə əməl olunurmu? Balıq konservləri anbarlarda xüsusi örtük olmadan döşəmə örtüyü ilə birbaşa təmasda olarsa, burada artıq dəmirin paslanmasından söhbət gedə bilər. Paslanmış dəmirin tərkibində olan maddələr də həmin balıq konservləri yeyən şəxslərin zəhərlənməsinə yol aça bilər.
Hisə verilmiş balıqlara gəldikdə isə belə bir şeyə nəzər yetirmək lazımdır ki, həmin balıqlar hansı şəraitdə hisə verilir. Yəni baxmaq lazımdır ki, hansısa bir küçə tullantılarını yığıb onun hisini balığa verirlər, ya yox. Belə hisə verilmiş balığı insanlara satmaq özü ən böyük qanun pozuntusudur. Bu mənada alıcıları mənşəyi məlum olmayan və saxlama şəraitinə əməl olunmayan yerlərdən balıq məhsulları almamağa çağırıram”./ölkə.az