“3+3” formatının əsas hədəfi: Bölgəyə kənar müdaxilələr necə bloklanır? – Seyidov açıqladı
“3+3” formatında Tehranda baş tutan görüş olduqca önəmli idi. Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakını özündə ehtiva edən altılıq formatı, yəni “3+3” platforması regional əməkdaşlıq baxımından ən effektiv bir mexanizmdir. Çünki bu regiona kənar güc və ölkələrin müdaxilə etməsi sülhə, ümumiyyətlə isə Cənubi Qafqazda gedən proseslərə mənfi təsir göstərməsi deməkdir.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, bu regiona kənar müdaxilələrin Fransanın timsalında olan yanaşmaların tamam başqa bir mənası var: “Amma burada əsas amil dövlətçilik fəlsəfəsi ilə bağlıdır. Dünyada hazırda dövlətçiliklə bağlı iki yanaşma gündəmə gəlib. Məhz bu kontekstdə Ermənistanın seçdiyi “dövlətçilik” yanaşması əsarət, ağlaşma ilə dividentlərin əldə edilməsi, hansısa bir masada yer verilməsi “prinsiplərini” ehtiva edir. Bunun əksinə olan dövlətçilik yanaşması isə müstəqil, xalqın real maraqlarını təmsil edən, qonşularla və regiona xoş niyyətlə gəlmək istəyən ölkələr və təşkilatlarla yüksək səviyyəli əlaqələrin qurulmasıdır. Təəssüf ki, bu amil Azərbaycan-Ermənistan münasibətlərdə çox ciddi şəkildə özünü xarakterizə edir”.
Millət vəkilinə görə, “3+3” platformasının vacib bir format olmasına baxmayaraq onun nəticələrinin daha tez olacağını da gözləmək olmaz: “Çünki bu istiqamətdə hələ ilkin addımlar atılır. Bundan öncə Moskvada görüş olmuşdu. Amma Tehran görüşü tamam başqa müstəvidə idi. Bu, xarici işlər nazirləri səviyyəsində ilk görüş oldu. Yekun bəyanatda bu görüşdə iştirak etməyən Gürcüstanla bağlı da konkret müddəlar var”.
Səməd Seyidov hesab edir ki, bu format bir neçə mesajı özündə ehtiva edir: “Çünki kənar ölkələrin bu regiona müdaxiləsi heç də arzuolunan deyil. Regionda olan əsas aktorlar isə məhz “3+3” formatında təmsil olunan ölkələrdir. Əgər kimsə sülh, əməkdaşlıq istəyirsə, regionda olan kommunikasiyalar açılmalıdır. Eyni zamanda region dövlətlərinin nifrət hissini kənar qoyub qarşılıqlı əməkdaşlıq üçün imkanları genişləndirmək məqsədi ilə proseslərə səmimi yanaşması tələb olunur”.
AŞPA təmsilçisinin fikrincə, “3+3” platforması müstəvisində növbəti təmaslarda daha konkret məsələlər müzakirə olunacaq: “Azərbaycan Prezidentinin vaxtilə gündəmə gətirdiyi məsələ bir daha öz təsdiqini tapıb. Burada söhbət “3+3” platformasından getmir. Reallıq odur ki, əgər Ermənistan Qafqazda inkişaf edib dövlətçiliyini möhkəmləndirmək istəyirsə, burada öz mövcudluğunu yad element kimi təsdiq etməməlidir. Burada əsas amil ümumi Qafqazın ayrılmaz hissəsinə çevrilməkdir. Bunun üçün isə regionda olan dövlətlərlə düzgün əməkdaşlıq etmək tələb olunur. Kimlərinsə əlində oyuncaq olmaq fəlsəfəsindən əl çəkməmək siyasəti isə Qafqazda qəbul olunmayacaq. Ona görə də, Azərbaycanın tarixi qələbəsi Ermənistanın Qafqazda yad element kimi deyil, bu regiona uyğun bir şəkildə formalaşmasının əsasları yaradan prosesi işə salıb. Bu prosesin içərisində “3+3” formatı özünəməxsus yer tutur”.