“Paşinyan Fransanın dəstəyi ilə Qafqazda nəyəsə nail olmağın mümkünsüzlüyünü anlayır”
“Ermənistanın baş naziri Nikol Paşinyan artıq Fransanın dəstəyi ilə Qafqazda nələrsə etməyin mümkün olmayacağını başa düşür. O anlayır ki, Azərbaycan və Türkiyə ilə gərginliyi davam etdirərək ölkəsini irəli aparması mümkün deyil, ona görə də çıxış yolu axtarır”.
Bunu açıqlamasında türkiyəli tarixçi, professor İbrahim Tellioğlu deyib.
Ekspert “3+3” formatı çərçivəsində Tehranda baş tutan Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşünə diqqət çəkib.
“İştirakçılar arasında əməkdaşlığa ən münasib tərəflər Azərbaycan və Türkiyə XİN başçıları idi. Çünki bu iki ölkə Qafqazda sülh və sabitliyi təmin etmək üçün birlikdə hərəkət edirlər və artıq bu koordinasiyanın nəticələrini əldə etməyə başlayıblar”, – o əlavə edib.
Professor qeyd edib ki, ötən bir ildə regionda baş verən proseslərdən ən çox təcrid olunan ölkələr İran və Ermənistan olub, ancaq son zamanlar hər iki tərəf bu vəziyyəti aradan qaldırmağa çalışır. İbrahim Tellioğlu ilk olaraq Ermənistanın mövcud maraqlarından söz açıb və söyləyib ki, Nikol Paşinyan Rusiya ilə birlikdə hərəkət etmək və regiondakı qonşular üçün təhdid olmaq istəmir:
“Qafqazda son bir ildə baş verən proseslərə nəzər saldıqda görürük ki, iki təcrid olunmuş ölkə var. Bunlardan biri Ermənistan, digəri isə İrandır. Buna görə də 44 günlük müharibədə Azərbaycan qarşısında ciddi məğlubiyyətlə üzləşmiş Ermənistan indiyədək imzaladığı sənədlərə uyğun olaraq artıq daimi sülhü təmin etmək üçün bəzi addımlar atmağa cəhd göstərir. Bu gün gəldiyimiz nöqtədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə yeni bir yol açmaq istəyir. Zəngəzur dəhlizinin açılması mövzusunda bugünkü davranışları da onu göstərir”.
Tarixçi bildirib ki, Sovet İttifaqı dağılandan sonra Ermənistanın bölgədəki əsas müttəfiqi Rusiya idi, ancaq bu gün Rusiya Türkiyə və Azərbaycan qarşısında Ermənistanı və onun tezislərini dəstəkləməyin mənasızlığını anlayır və ölkəsinin mənfəəti üçün Türkiyə və Azərbaycanla əlaqələri inkişaf etdirməyi daha faydalı hesab edir:
“Vladimir Putin Moskvada imzalanan konsensusun şərtlərini icra etmək üçün Ermənistana təzyiq göstərməkdə qərarlıdır. Rusiyadan Ermənistana xeyir gəlməyəcəyini anlayan Paşinyan isə buna görə həm ruslarla birlikdə qurduqları müdafiə sistemindən çəkildiyini bəyan etdi, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tətbiq edəcəklərini açıqladı. Beləliklə, Putinlə şəxsi dostluğunu pozmuş oldu”.
İrana gəldikdə isə İbrahim Tellioğlu vurğulayıb ki, Tehran Qarabağ müharibələri zamanı Ermənistana açıq şəkildə dəstək verərək həm türk, həm də islam dünyasının mənfi reaksiyalarını öz üzərində toplayıb:
“Bu gün isə İran artıq Rusiya ilə strateji əməkdaşlığın alt səviyyəyə endiyini görür. Üstəlik, İsrail-HƏMAS müharibəsi çərçivəsində ABŞ donanmasının Aralıq dənizində lövbər salmasından narahatdır. Ona görə də təcridini sonlandırmaq istəyir. Bu baxımdan, İranın son həmləsi – türk dünyasını bir-birinə bağlayacaq quru yolunun İrandan keçməsi təklifi təəccüblü deyil. İran Zəngəzur dəhlizi açılarsa, şimalla ticarət əlaqəsinin kəsiləcəyindən qorxur. Ona görə də bölgədə ticarət əlaqələrini canlandırmaq və türk dünyası ilə münasibətlərini düzəltmək üçün yolun öz ərazisindən keçməsini istəyir. Bunu isə Azərbaycan və Türkiyə üzərindən etməyə çalışır”.
İ.Tellioğlu hesab edir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün çox önəmlidir:
“Paşinyan da bu yolun açılmasında istəklidir. Düşünürəm ki, onun cəhdinin dəstəklənməsi bütün ölkələr üçün faydalı olar. Beləliklə, o həm də ölkəsini blokadadan çıxaracaq, onu qonşularına və dünyaya açacaq”.
Sonda isə ekspert Gürcüstanın “3+3” formatında təşkil edilən görüşlərə qatılmaması məsələsinə toxunub və bildirib ki, Qarabağ müharibəsi zamanı açıq dəstəyini gördüyümüz Gürcüstanın iclaslara qatılması bizim üçün önəmlidir:
“Ümid edirəm, növbətisi Türkiyədə keçiriləcək görüşə Gürcüstan nümayəndələri də qatılar və regional məsələləri biz daxildə, başqasının müdaxiləsinə ehtiyac duyulmadan həll edə bilərik. Buna görə də Türkiyə və Azərbaycanın qonşu Gürcüstana dəstək göstərməsi önəmlidir”.