Əliyev Qranadadan sonra Brüsseldən də imtina etdi – Niyə?
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Brüsseldə oktyabrın sonunda nəzərdə tutulan üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün olmayacağı barədə açıqlamasının ardınca Ermənistan XİN başçısı Ararat Mirzoyan bu yöndən suala aydınlıq gətirdi. O bildirdi ki, görüş “Azərbaycan Prezidentinin vaxtı olmadığı üçün təxirə salınıb”.
O, “ümid edib” ki, həqiqətən Azərbaycan Prezidentinin vaxtı yoxdur, həmçinin növbəti görüşə hazır olduqlarını xüsusi vurğulayıb.
5 oktyabrda Prezident İlham Əliyev Qaranadadan imtina etdi – Avropa Siyasi Birliyinin üçüncü sammitində beştərəfli (Əliyev-Paşinyan-Makron-Şolts-Mişel) görüşü nəzərdə tutulurdu. Prezident Əliyevin səfərdən imtinasının səbəbi kimi Türkiyə liderinin görüşdə iştirakını tələb etməsi və buna müsbət cavab almaması göstərildi.
Əlbəttə, Fransa və Almaniyanın (Makron və Şoltsun) vəziyyətdən istifadə edərək, vasitəçi kimi həm də siyasi danışıqlarla Cənubi Qafqazda “söz sahibinə” çevrilməsi, Türkiyənin isə danışıqlardan kənarda saxlanılması geopolitik baxımından Azərbaycanın maraqlarına və mövcud real şəraitə uyğun deyildi. Təbii ki, Əliyev buna imkan verə bilməzdi.
Bişkekdə keçirilən MDB dövlət başçılarının görüşünə isə Paşinyan qatılmadı. Qranadadan cəmi 1 həftə sonra Ermənistanın üzvü olduğu qurumun sammitinə Paşinyanın qatılmaması birmənalı qarşılanmadı.
Hələ o zaman danışıqların “Qərb platformasında” davam etdiriləcəyi barədə fikir irəli sürülsə də, Azərbaycanın bunda ciddi şəkildə maraqlı olmadığı da görünürdü.
Səbəb isə əslində bu gün Klaarın açıqlamasında gizlənib.
Klaar görüşün olmayacağı barədə açıqlamasında bildirir ki, görüşdə sülh müqaviləsi və “ermənilərin Qarabağa qaytarılması üçün sazişin imzalanması” nəzərdə tutulurdu.
Prezident Əliyev ermənilərin Qarabağa məcburi qaytarılmasını nəzərdə tutan Makron hiyləsinin toxuduğu hansısa sazişə niyə imza atmalıdır? Ermənilərin Azərbaycana məcburi şəkildə köçünü təmin etməyə çalışan Makron Qranadada buna nail olmadıqdan sonra Brüsseldə nəyi və hansı strateji məqsədlə həyata keçirmək istəyir?
Böyük ehtimal odur ki, İlham Əliyev gündəliyə ciddi şəkildə etiraz edib. Reallığı əks etdirən gündəm isə budur: Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədin delimitasiya və demarkasiyası, o cümlədən regional kommunikasiyanın blokdan çıxarılması.
Bu gündəliyə ermənilərin zorla, Bakının üzərinə xüsusi öhdəlik qoyulmaqla qaytarılması daxil ola bilməz!
Bu gündəm Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil və nə qədər ki, bunu gündəmdə saxlamağa çalışacaqlar, İlham Əliyevin də “vaxtı” olmayacaq./axar.az