Tehranda Zəngəzur dəhlizi müzakirələrindəki məhək daşı
Tehranda “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçirildi.
Müzakirələr maksimal regional məhsuldarlıq səviyyəsinə çatmasa da, perspektiv olaraq sülh və təhlükəsizliyə fayda baxımından yol xəritəsini çəkməyə imkan verir.
“3+3” formatı regional təhlükəsizliyin xarici amillərdən asılılığını minimallaşdıran reseptdir, hərçənd ki, Gürcüstan Rusiya ilə münasibətlərindən dolayı görüşə gəlmir.
Rəsmi Tbilisinin qərarının ümumi fona əhəmiyyətli təsirlərini ölçməkdən ötrü Rusiya-Gürcüstan münasibətlərinin gələcək dinamikasına baxmaq lazımdır.
Lakin Zəngəzur dəhlizinin konteksti Gürcüstanın iştirakı olmadan da faydalı iş əmsalını yüksəldir. Bunu görüşün nəticələrinə dair verilən bəyanatdan duymaq olar.
Bununla belə, regional sifarişləri Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bir cür, Rusiya və İran fərqli formada, Ermənistan isə birləşən və toqquşan maraqların içərisində sağ qalmaq formulu kimi qavrayır.
Bu baxımdan, Tehrandakı “3+3” müzakirələrinin strateji ana xətti Cənubi Qafqazın nəqliyyat və kommunikasiya layihələndirilməsində bərabərhüquqlu pay alıb gələcək strateji platformalara çıxış imkanlarının qiymətləndirilməsini özündə ehtiva edir.
Tərəflər institusional və sistemli çərçivələr yaratmağı hədəfləyə bilərlər, amma regiondakı maraqların baza rənginin dəyişməməsi diqqətdən kənarda saxlanıla bilməz.
“3+3” formatındakı Tehran müzakirələrində Rusiya və İranı dərin regional maraqlar baxımından tərəzinin eyni gözünə qoymaq yanlış olardı, buna görə də:
– Müzakirələrdə Azərbaycanla Türkiyənin strateji müttəfiqlik əlaqələrinin dərinləşəcəyini qabartdıqlarını hiss etmək olar;
– Bunun Rusiya və İranın maraqlarına zərbə vurmayacağına inam aşılanıb;
– Lakin Bakı ilə Ankara, yeri gələrsə, birgə müdafiə zərurətləri yarandıqda, lazım olan addımlar atacaqlarını qeyd edə bilərlər;
– Rusiya İranı Zəngəzur dəhlizinin faydalarına təşviq edən düsturlar verə bilər.
Yekunda “3+3” müzakirələrinin vahid ortaq nöqtəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətində daha çox işıqlanır.
Rusiya ilə İranın Cənubi Qafqazdakı maraqlarında əsas müştərək müstəvi “Şimal-Cənub”dur, digər hissələrdə isə iki ölkənin maraqları tarixi-siyasi rəqabət kontekstində inkişaf edir.
Bunu Zəngəzur dəhlizinə münasibətdə də hiss etmək mümkündür. Moskvadan müsbət siqnallar veriləndə Tehranda fərqli ovqat hökm sürürdü, indi isə vəziyyət bir qədər dəyişmiş kimi görünür.
Deməli, məntiq “testi”nin cavabı belə deməyə əsas verir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, bu iki ölkənin Rusiya ilə yaxşı münasibətləri İranın yanlış mühakimələrə girişməməsi üçün diplomatik enerji sərf edir.
Rusiya ilə İranın Cənubi Qafqaz oxunda Zəngəzur dəhlizi ilə əlaqədar ümumi dil tapmaq formulu onların Suriya münaqişəsindəki iştirakçılıq səviyyələrini yüksəltmələri ilə əlaqədardır.
Çünki:
– Moskva və Tehran Suriyada ABŞ-ni sıxışdırmaq üçün vahid plan üzrə hərəkət edirlər;
– Kreml İrandan Ukraynadakı müharibədə qələbə qazanmaq üçün silahlar tədarük edir, mümkündür ki, bunun müqabilində Yaxın Şərq cəbhəsində müəyyən güzəşt paketi irəli sürür.
Tehran danışıqlarını İranın regional ambisiyalarının motivlərini maksimal şəkildə Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq ruhuna kökləməyə çağırış kimi başa düşmək olardı.
Hərçənd ki, İranın da görüşlərdə öz maraqları diqqətə çatdırılıb, yəni ənənəvi olan baza prinsiplərindən Tehranın əl çəkəcəyi inandırıcı gəlmir.
Sadəcə olaraq, “3+3” müzakirələri, İsrail-Fələstin münaqişəsinin hərbi eskalasiyanın zirvəsinə qalxması fonunda Azərbaycan-Türkiyə-Rusiya-İran çərçivəsində anlaşmalar təhlükəli tendensiyaları sovuşdurmağa kömək edə bilər.
Yekun olaraq, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına diplomatik-siyasi razılıq verəcəyi istisna olunmur.