Yaxın günlərdə regionun ən böyük GES-i istismara veriləcək – Pərviz Şahbazov

 

Yaxın günlərdə regionun ən böyük günəş-elektrik stansiyası (GES) istismara veriləcək.

Bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, “yaşıl enerji” planları artıq real nəticələrə çevrilir:

“230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon ABŞ dolları məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 milyon kVt/saat “yaşıl enerji” daxil olacaq. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkəti ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir”.

Nazir bildirib ki, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur:

“240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair icra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalanıb.

Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır”.

P. Şahbazov qeyd edib ki, Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1 150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir:

“Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password