Monitorinq Mərkəzi, yoxsa Dilçilik İnstitutu

 

Hamımız yaxşı bilirik ki, Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edilməsi, kütləvi informasiya vasitələri, internet və reklam resurslarında, televiziya və radioda yayımlanan verilişlərdə ədəbi dil normalarının qorunması və Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunması, Azərbaycan dilinin saflığının qorunması, ümumiyyətlə dövlət dilinə kompleks nəzarət AMEA-nın Dilçilik İnstitutunun səlahiyyətlərinə aiddir. Bu işləri institutun Monitorinq şöbəsi uğurla həyata keçirir. Şöbə mərhum akademik Tofiq Hacıyevin təşəbbüsü ilə açılıb, uzun müddət tanınmış jurnalist, professor Qulu Məhərrəmli bu şöbəyə rəhbərlik edib. Son illər adıçəkilən şöbə fəaliyyətini bir qədər də genişləndirib, nitq mədəniyyəti ilə bağlı çox maraqlı tədqiqatlara imza atıb. Lakin, maraqlıdır, Nazirlər Kabineti təxminən iki il əvvəl Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıb və bu mərkəzə Dilçilik İnstitutunun səlahiyyətləri verilib. Hər iki qurum eyni vəzifəni icra edəcəksə, bu, dövlət büdcəsinin səbəbsiz yerə xərclənməsi deyilmi?
İkinci bir gülünc vəziyyətə diqqət çəkək: yaradılmış Monitorinq Mərkəzinin işçi sayı cəmi 17 nəfərdir, onların da əsas aparıcı mütəxəssisləri Dilçilik İnstitutunun sabiq işçiləridir və səhv etmiriksə, yalnız dördünün elmi dərəcəsi vardır. Dörd nəfər məşhur bir institutun işini necə görə bilər? Sizcə, bu gülüş doğurmurmu? Üstəlik, 17 ştatlıq bir Mərkəzin büdcəsi Dilçilik İnstitutunun büdcəsindən dəfələrlə çoxdur. Nəticə etibarilə, yeni mərkəzin 17 işçisi Dilçilik İnstitutunun 170 işçisi ilə (həm də) üz-üzə qoyulub. Lazımsız istiqamətə yönələn Monitorinq Mərkəzinin vəsaitinə Füzuli rayonunda bina tikmək və ya təmir etmək olar. Görəsən, bu analoqu olmayan qurumu kimlər və hansı məqsədlə yaradıblar? Eyni funksiyanı icra edən Dilçilik İnstitutu hansı səbəbdən yüksək büdcəyə və maddi bazaya malik bir mərkəzlə üz-üzə qoyulur? Maraq nədir? Dövlət dilinin qoruyucusu olan bir instituta qarşı atılmış bu addım hansı məqsədə xidmət edir? Və ya gəlin görək, dünyanın hansı ölkəsində bir işi bir neçə struktur həyata keçirir?
Bəlkə, bizə bəlli deyil, bəlkə biz bilmirirk, yeni yaradılmış Mərkəz Dilçilik İnstitutu üzərində nəzarət işi aparır? O zaman nə üçün adi bir mərkəzin büdcəsi nəhəng bir institutun badcəsindən qat-qat çoxdur? Bu, dövlət büdcəsini talamaq anlamı kəsb edir.
Mönitorinq mərkəzinə ehtiyac varmı? Dilçilik İnstitutu üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, başqa məsələ. Bilmirik, bu mərkəzi yaratmaqda və ona bir institut səviyyəsindən də artıq səlahiyyət vermək kimin və ya kimlərin marağıdır, bildiyimiz odur ki, eyni iş uğrunda iki təsisat qarşı-qarşıya qoyulub. Ayıb da olsa, demək məcburiyyətindəyik, mamaça çox olanda, uşaq tərs gələr… Ümumiyyətlə, elm qarşısında duran vəzifələri Azərbaycan Milli Elmlər Akademiyasının institutları çox uğurlu şəkildə və cəsarətlə həyata keçirirlər. AMEA-nın yeni rəhbərlik zamanı, son bir-iki illik təcrübə də bunu deməyə əsas verir. Dilçilik İnstitutundakı sağlam ab-hava da elmi ictimaiyyətin diqqətini çəkməyə bilməz.
Biz yeni yaradılmış Mərkəzə də qarşı deyilik, sadəcə, bu onun adıçəkilən institutun tərkibində eyniadlı şöbədə fəaliyyət göstərməsi daha məntiqli olar…

 

Sona Abbasəliqızı,

Yazıçı, AJB-nin və AYB-nin üzvü.
Prezident mükafatçısı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password