Nazir: “Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması Orta Dəhlizin yeni qollarla inkişafına yol açır”
Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır.
Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir: “2030-cu ilədək 7 QVt “yaşıl enerji” güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Bir kəmər və bir yol”u “yaşıl” bağlantılarla zənginləşdirəcək.”
Nazir “Bir kəmər, bir yol” layihəsinin qlobal təchizat zəncirində qeyri-müəyyənliklərin idarə edilməsi üçün alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət etdiyini deyib.
Bildirilib ki, “Bir kəmər, bir yol” Avrasiyada geoiqtisadi landşaftın yenidən formalaşmasında artan rolu ilə müdrik bir təşəbbüs olduğunu artıq təsdiqləyib. Bu təşəbbüsə ilk vaxtlardan fəal şəkildə qoşulan və çoxsaylı nəqliyyat-enerji bağlantıları ilə töhfə verən Azərbaycanın hazırda Prezident İlham Əliyevin liderliyi ilə Çindən Avropaya ən qısa yolu – Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu reallaşdırdığı diqqətə çatdırılıb. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanlarının bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırıldığı, “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyi qeyd edilib.
Çıxışda, həmçinin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolundan, birgə layihələrdən və əlaqələrin dinamikasından bəhs edilib. Nümunələr kimi ötən il ticarət dövriyyəsinin 21 %, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 % artması və ölkəmizdə 200-dən çox Çin şirkətinin fəaliyyəti qeyd olunub.
Qeyd edək ki, Forumda qəbul olunan “Bağlantılar üzrə Əməkdaşlığın Dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü”nə Azərbaycan da qoşulub.