İrəvanın son şansı var: Dəyərləndirə biləcəkmi?

 

Yekun sülh sazişini imzalamaqdan hər vəchlə boyun qaçırmağa çalışan və prosesdə süni maneələr yaratmağa davam edən Ermənistan rəhbərliyi əslində çıxılmaz vəziyyətdə olduğunu anlamır

“Ermənistan üçün demokratiya strateji seçimdir, şəraitin diktə etdiyi fürsət deyil”.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində olarkən brifinqdə belə deyib.

O, çıxışı zamanı bildirdi ki, biz ərazimizdən keçən Azərbaycan maşınlarının təhlükəsizliyinə tam zəmanət veririk. İmzalanmış 3 tərəfli sazişdə isə bu yola ruslar cavabdeh olmalı idi.

“Sülh quruculuğunu dəstəkləməyi əsas siyasi məsuliyyətim hesab edirəm. Mən buraya sülh mesajı üçün gəlmişəm. Cənubi Qafqazın sülhə ehtiyacı var”, – N.Paşinyan söyləyib.

Daha sonra isə Paşinyan öz aləmində diplomatik gediş edərək “Ermənistan Avropa İttifaqına bu struktur mümkün saydığı qədər yaxın olmağa hazırdır” deyib.

Beləcə o, İrəvanla Brüssel arasında vəd və bəyan edilən aktiv işbirliyinin əslində illüziya olduğunun fərqinə vardığını, lakin Ermənistanın daxili siyasi auditoriyası qarşısında cavab vermək məqamı çatanda Avropa İttifaqını suçlamaq üçün müstəvi formalaşdırdığını düşünür.

Yəni Paşinyan artıq indidən bəyan etmək istəyir ki, Ermənistan Aİ ilə əlaqələri sürətlə inkişaf etdirmək, münasibətləri intensivləşdirmək niyyətindədir, lakin Brüssel bunu hələlik məqbul və gərəkli hesab etmir.

Beləcə, Nikol Paşinyan faktiki olaraq Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makronun və Almaniyanın kansleri Olaf Şoltsun “sülhməramlı missiyası”na ağır zərbə vurdu.

Avropa Parlamentinin rəsmi Bakıya olan münasibəti və ümumiyyətlə, Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi bəlli məqamdır. Bu struktur sözün əsl mənasında ölkəmizi hədəf seçib və az qala maniakal inadla rəsmi Bakını bəşəriyyətə məlum az qala bütün cinayətlərdə suçlasın.

Avropa Parlamentində ölkəmizin Afrikada, Cənub-Şərqi Asiyada və ya Cənubi Amerikadakı prsoeslərdə, qlobal iqlim dəyişikliklərində hələ də suçlanmamasının, Bakıya qarşı bu kimi sərsəm ittihamların səslənməməsinin özü “paradoks” sayıla bilər.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalda saxlandığı 30 il ərzində Avropa Parlamenti bir dəfə (!) olsun belə, rəsmi İrəvanı aqressiv və işğalçı siyasət yürütməkdə suçlamadı, Xankəndindəki artıq sabiq separatçı rejimin öz adı ilə ifadə olunduğu bəyanat, yaxud qətnamə qəbul etmədi. Avropa Parlamenti ev-eşiklərindən, yurd yerlərindən qovulmuş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün barədə susdu, Ermənistanda əsirlikdə olan minlərlə soydaşımızın talelərinin hələ də naməlum qalmasında İrəvanı suçlamadı, cavab tələb etmədi.

Avropa Parlamenti daim, fasiləsiz olaraq aşkar, danılması mümkünsüz səviyyədə və miqyasda ermənipərəst mövqe tutmuşdu, indi də belədir.

Marazm o həddə çatıb ki, panavropa strukturları arasında Avropa Parlamenti yeganə struktura çevrilib ki, orada spontan qaydada Azərbaycana qarşı cəza sanksiyalarının, embarqoların tətbiqi istənilir.

Nikol Paşinyanın son bəyanatlarını nəzərə almaqla Ermənistanın bu ayın sonunda Avropa İttifaqının Siyasi Şurasının vasitəçiliyi ilə Azərbaycanla keçiriləcək danışıqlarda tutacağı mövqeni indidən müəyyənləşdirmək çətin deyil.

Qaraabğlı ermənilərin taleyindən və durumundan danışan N.Paşinyan onların “etnik təmizləmə”yə məruz qaldıqlarını, “qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatı”nın vacibliyini, əsasən də Qarabağa “təxirəsalınmaz qaydada, təcili olaraq beynəlxalq müşahidə-monitorinq missiyasının göndərilməsinə ciddi zərurət duyulması”ndan bəhs etmədi. Bunuqla belə, onun Avropa Parlamentində olarkən “100 min qarabağlı erməni ilə bağlı məlum problemlər var” söyləməsi ayın sonunda Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək danışıqlarda yenə süni maneələr və əngəllər yaratmağa, mümkün qədər vaxt uzatmağa çalışacağını ehtimal etmək olar.

Eyni zamanda, N.Paşinyan yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə Avropa İttifaqı ilə ABŞ-ın dəstəyini itirməmək, danışıqların Brüssel və Vaşinqton trekləri arasında yenidən uydurma şərtlərlə problemlər yaradan fiqur qismində tanınmamaq üçün Ermənistanın təhlükəsizliyinin təminatından da bəhs edib. Məqsəd anti-Rusiya ritorikasını gücləndirməklə Moskvanın geosiyasi təsirindən qurtulmaq planını məhz Qərbin bilavasitə və fəal dəstəyi ilə reallaşdırmaq niyyətidir.

Təbii ki, N.Paşinyanın taktikası Moskvaya bəlli olduğundan Ermənistanın mövcud siyasi isteblişmenti mütləq şəkildə şimaldan adekvat cavab alacaq. Cavabın formatı, çeşidi və miqyası yüngül olmayacaq: İkinci Qarabağ Müharibəsindən sonra rəsmi İrəvanın açıq şəkildə Qərbə meyllənməsi, MDB məkanında Rusiyanın təsirinin azaldılmasına yönəlmiş Qərb strategiyası çərçivəsində adi marionetə çevrilməsi və alınan vədlərə inanaraq Rusiya Federasiyasının maraqlarını heçə saydığını fasiləsiz bəyan etməsini Moskva sakitliklə seyr etməyib.

Rusiya heç bir halda Nikol Paşinyanın neodemokart və psevdostrateji təmrinlərini sakit müşahidə etmək fikrində deyil, çünki Ermənistanın belə emosional, çılğın diplomatiyası ermənilərin özünə yeni təhdidlər yaratmaqla yanaşı, regiondakı vəziyyəti gərginləşdirir, süni eskalasiya təhlükəsi yaradır.

Nikol Paşinyanın ritorikası həm də Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelə təsir edərək Brüsseldəki danışıqlar əsnasında onu rəsmi Bakıya “təzyiq göstərməyə” sövq etməkdir. Bu taktika bəsit olduğu qədər də idiotikdir, çünki Şarl Mişel anlayır ki, Azərbaycanla pressinq lüğətində danışmaq mümkün deyil – cəhd göstərilsə belə, heç bir real nəticə verməyəcək.

Bu ayın sonu üçün nəzərdə tutulmuş danışıqlarla bağlı Bakının mövqelərində heç bir dəyişk lik yoxdur. Yekun sülh sazişinin imzalanması üçün Azərbaycan gərəkli addımlar atmağa hazırdır və bunu dəfələrlə bəyan edib.

Şərtlərimiz də bəllidir.

Ermənistan isə danışıqların formatını bitmək bilməyən müzakirələrə çevirmək istəyərsə, yanlış strategiyasının çox ağır fəsadları ilə üzləşə bilər.

Özü də zərbə Qərbdən gələcək…/trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password