Fransa olmasa, Azərbaycan nə itirir? – Ekspert detalları danışdı
Bu il noyabrın 1-dən Fransadan Azərbaycana yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir.
Müvafiq qanunun icrasını təmin etmək məqsədilə bir sıra dövlətlərdən, o cümlədən də Fransa Respublikasından ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Lakin Fransadan onlarla müəssisədən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkənin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il 1 noyabr tarixindən etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan işğalçı Ermənistana qalib gəlib torpaqlarını azad edəndən sonra Fransanın ölkəmizə qarşı böhtan və qərəz dolu mövqeyi səngimir. Fransa parlamentində Azərbaycana qarşı siyasi sanksiyaların tətbiqinə çağırışlarının ardınca, indi də iqtisadi sanksiyalar gündəmdədi.
Maraqlıdır, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin kəsilməsinin ölkəmiz üçün hansı təsirləri ola bilər?
İqtisadçı Eldəniz Əmirov bildirib ki, Fransa Azərbaycanda öz fəaliyyətini kifayət qədər həyata keçirən bir ölkədir.
O, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ), Bakı fransız liseyinin, kampusların, müxtəlif cəmiyyət və təşkilatların olduğuna diqqət çəkib: “Buna baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsində geriləmə gedir. 2011-ci ildə Fransa ilə Azərbaycan arasında 4 milyard 645 milyon dollarlıq ticarət dövriyyəsi olub. Ötən il bu göstərici 273 milyon dollara enib. Ticarət dövriyyəsində 10 dəfədən çox azalma müşahidə olunur. Hər 100 manatın təxminən 80 manatını Azərbaycanın idxalı, qalan 20 manatı isə Fransanın ixracı təşkil edir.
2022-ci ildə Azərbaycan Fransaya 50 milyon dollarlıq məhsul ixrac edib, bu ölkədən isə 222 milyon dollardan artıq məhsul idxal edib. Göründüyü kimi, Azərbaycanın Fransadan asılılığı və o qədər qazancı yoxdur. Yəni Fransaya mal satmasaq, ondan mal almasaq, heç bir təsiri olmayacaq.
Əslində bu gün dövlətlər ölkələrə məhsul ixrac etməkdə özləri maraqlıdır. Dünyada gedən münaqişələr yeni bazarlar uğrundadır. Fransa Azərbaycan üçün bir bazardır və Paris bu bazarı itirir. Azərbaycan bu dövlətdən aldığı məhsulları digər ölkələrdən tədarük edəcək. Hesab edirəm ki, iqtisadi münasibətlərdə Azərbaycanın itirəcəyi şeylər o qədər çox deyil. Desək ki, Fransa bizdən çox itirəcək, bu da doğru olmazdı. Yəni iki ölkə arasında münasibətlər elədir ki, onun kəsilməsi heç birinə ciddi zərər vurmayacaq”.
Ekspert düşünür ki, iki ölkə arasında ticari əlaqələrin itməsi Fransa üçün daha böyük zərərdir: “Bu gün Fransa nüfuzunu itirir, Azərbaycanın isə nüfuzu artır. Dinamika belə inkişaf edir -Azərbaycanla münasibətin pisləşməsi Azərbaycanın tərəfdarı ilə münasibətin pisləşməsi deməkdir. Hazırda heç bir ölkə Azərbaycanla münasibətini pisləşdirmək istəmir. Hamı qalibin yanında olmaq istəyir.
2022-ci ildə də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb oldu. Fransa prezidenti Emmanuel Makron isə Azərbaycana qarşı sanksiyaların effektiv olmayacağını düşünür. Çünki Avropanın elə ölkələri var ki, onlar Azərbaycan qazından hədsiz dərəcədə asılı vəziyyətdədir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol hər kəsə məlumdur. Belə bir şəraitdə Makron özü də etiraf etdi ki, Azərbaycana qarşı sanksiyalardan söhbət gedə bilməz”./teleqraf.com