Samvelin “fərman”ı ləğv edilir, separatizm “dirilir”?
Xəbər verildiyi kimi, Azərbaycanın Xankəndi şəhərindəki keçmiş qondarma qurumun keçmiş təmsilçilərindən olan, əli azərbaycanlıların qanına batmış “qəhrəman” Samvel Babayanın iddiası əsasında proses başladılıb.
Babayan keçmiş xunta rejiminin terrorçu başçısı Samvel Şahramanyanın Ordumuzun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirlərindən sonra – 28 sentyabrda qanunsuz separatçı rejimin buraxılması barədə “fərmanının” “etibarsız” olduğunu bildirib və bu “fərmanın” ləğvinin mümkünlüyünü iddia edib. Belə ki, Babayan qondarma “parlamentin” həmin “fərmanı” “konstitusiya məhkəməsinə” göndərməsini, qondarma məhkəmənin isə bunu ləğv etməsini istəyib.
Bu, separatçı tör-töküntüsünün həbsdən yayına bilən keçmiş “səlahiyyətlilərinin” İrəvanda hansısa yeni oyuna başlaya biləcəyi ehtimalını gücləndirib. Belə ki, ötən gün Samvel Şahramanyanın hələ də mühafizəçi ilə gəzdiyi, bahalı avtomobildən istifadə etdiyini erməni blogerlər özləri müzakirəyə çıxarmışdı. Ehtimal olunur ki, Şahramanyan “statusunu” qorumağa çalışır, Samvel Babayan isə bu “təşəbbüsü”lə rəqiblərinin qandallanaraq Bakıya gətirilməsindən sonra “yeni qəhrəmana” çevrilmək istəyir. Eyni zamanda bunun İrəvan və Parisin növbəti oyunu ola biləcəyi də istisna edilmir. Cənubi Qafqazda münaqişənin aradan qalmasını istəməyən Fransa mümkündür ki, separatizmi yaşatmaqla regiona nüfuz etməyin daha asan yollarını axtarır.
Mövzunu şərh edən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, Samvel Babayanın 28 sentyabrda imzaladığı “fərman”ın da, bu “fərman”ı ləğv etməyə çalışma cəhdlərinin də heç bir hüquqi qüvvəsi yoxdur:
“Qarabağ regionunun bir hissəsində yaradılmış qondarma qurumu heç kim tanımamışdı, bu, qanunsuz xunta idi. Ola bilsin ki, onların “konstitusiyasında” Şahramanyanın “fərman”ını ləğv etmə proseduru var – mən o “konstitusiya” ilə tanış deyiləm və o “konstitusiyanı” oxumaq fikrim də yoxdur. Çünki separatçı-terrorçu rejim də qanunsuz idi, onun bütün “strukturları” da, ”konstitusiyası” da. Bu baxımdan bütün bu “fərman” və yaxud onu “ləğv etmə” cəhdlərinin heç bir hüquqi əsası yoxdur”.
Professor İrəvanda və yaxud hansısa ölkədə qondarma qurumun “mühacir hökumətinin” yaradılması ehtimalına da toxunub:
“Bütün dünyada mühacir hökumətlərin yaranması və tanınması legitim hökumətlərə aiddir. Məsələn, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti işğal edilmişdi və o hökumətin üzvləri xaricdə mühacir hökuməti yarada bilərdilər. Çünki AXC-ni onlarla dövlət tanımışdı. Bu qanunsuz xuntanı, qondarma qurumu, separatçı-terrorçuları isə Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımamışdı. Belə olan halda onların hər hansı “mühacir hökumət” qurma cəhdləri beynəlxalq hüquqa görə mümkün deyil. Bu təşəbbüslər heç biri hüquqa əsaslanmır. Beynəlxalq hüquqa əsaslanan yalnız bir məsələ var: Azərbaycan dünya tərəfindən tanınan ərazilərində öz suverenliyini tam şəkildə təmin edib. Vəssalam”.