Ödənişli yolda qiymətlər müəyyənləşdi
Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib.
Bu barədə Şura xəbər verir.
Məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
“Son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcək.
Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur”, – deyə məlumatda qeyd olunub.