Növbəti Brüssel görüşü razılaşdırıldı – “Bu dəfə səhv Paşinyan hakimiyyətinə baha başa gələ bilər”
Azərbaycan və Ermənistan liderləri arasında görüş gözlənilir. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarın bölgəyə səfəri zamanı oktyabrın sonunda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Brüsseldə danışıqların davam etdirilməsi razılaşdırılıb.
Bu görüşdən müsbət nəticələr gözləmək mümkündürmü?
Politoloq Fərhad Məmmədov bildirir ki, N.Paşinyanın MDB sammiti üçün Bişkekə getməkdən imtina etməsinə görə Brüssel görüşündən əvvəl Rusiya formatında liderlərin görüşü olmayacaq.
Bəs tərəflər Brüsselə hansı gündəliklə gedirlər?
Ekspert Azərbaycanın mövqeyində heç bir əsaslı dəyişiklik olmadığını deyir: “2023-cü ilin oktyabr ayının sonuna kimi Bakı Ermənistanla münasibətlər mövzusunu dövlətlərarası, Qarabağ mövzusunu isə daxili münasibətlər kimi fərqləndirdi. Qarabağda beynəlxalq iştirak mövzusu Bakı tərəfindən tənzimlənir və bu məsələnin İrəvana hər hansı aidiyyatı yoxdur. Ermənistana gəldikdə, ondan anklavların işğaldan azad edilməsi, kommunikasiyaların açılması və daxili işlərə qarışmamaq öhdəliyi ilə ərazi bütövlüyünün tanınması gözləntiləri ifadə olunub.
Ermənistan isə mövqeyini dəyişdi, İrəvan Qarabağ erməniləri mövzusunu Azərbaycana qarşı manipulyasiya və təzyiq elementi kimi istifadə etməklə yalnız öz təhlükəsizliyi mövzusu ilə özünü məhdudlaşdırmağa məcbur oldu. Təbii ki, Ermənistan rəhbərliyinin uzunmüddətli planları var, lakin bu, Qarabağ ermənilərinin məsələsinə Qərbin dəstəyinin dərəcəsindən asılıdır».
Bəs ABŞ və Avropa İttifaqı nə edəcək, sülh danışıqlarında, nəhayət, pozitiv rol oynaya biləcəkmi?
F.Məmmədov deyir ki, Qərb son aylarda öz yanaşması ilə uğursuzluğa düçar olub, bu da Qarabağ erməniləri mövzusunu sülh müqaviləsinə daxil etmək, yəni birləşdirmək istəyinə görə baş verib: “İndi belə siqnallar var ki, Fransa beynəlxalq platformalardakı resurslarından istifadə edərək bu istiqamətdə əvvəlki cəhdlərini təkrarlamağa çalışır. Onlar Qranadada tamhüquqlu sülh müqaviləsi bağlanana qədər müvəqqəti sənəd imzalamaqla bu niyyətlərinə nail olmağa çalışıblar. Biz bilirik ki, müvəqqəti razılaşmada daimi heç nə yoxdur. Fransaya anti-Azərbaycan təşəbbüslərini rəsmiləşdirməyə davam etmək üçün vaxt lazımdır.
Burada bir detalı qeyd etmək lazımdır: belə görünür ki, ABŞ üçün Paşinyana şəxsi dəstəyi, Fransa üçün isə Ermənistan prioritetdir. Bu, oyunu paralel aparmaq üçün vacib məsələdir”.
F.Məmmədov vurğulayır ki, bütün formatlarda danışıqların gündəliyi eynidir və bu, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, Qərbə təzyiq göstərmək və Qarabağ erməniləri mövzusunu dövlətlərarası gündəmdən tamamilə çıxarmaq vacibdir: “Qarabağda beynəlxalq iştirak: 2025-ci ilə qədər azaldılmış Rusiya sülhməramlıları, Rusiya-Türkiyə monitorinq mərkəzi və aydın gündəliyə malik müvəqqəti BMT missiyaları – bu kontekstdə kifayətdir! Bu da Qərb üçün kifayət etməlidir. Qarabağ ermənilərinə zəmanəti ancaq Azərbaycan verə bilər.
Başa düşmək lazımdır ki, ATƏT-in Minsk Qrupunda Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsi mövzusunda Qərblə Rusiya arasında 25 illik əməkdaşlıq dağılıb. Bu konteksdə ABŞ və Aİ nümayəndələrinin İstanbulda Rusiya rəsmiləri ilə görüşü təhdid sayılmalıdır. Problemin həllinə münasibətdə yalnız Qərb və Rusiya deyil, həm də Qərbin özü də parçalanmalıdır. Fransanın iştirakı ilə Qranadada keçiriləcək görüşdən Azərbaycanın imtina etməsi də məhz bununla bağlıdır. Qərb əvvəlki səhvini təkrarlaya bilər, amma bu dəfə bu səhv Ermənistanda Paşinyan hakimiyyətinə baha başa gələ bilər”.
Ekspert vurğulayıb ki, Qərb problemin həllinə birtərəfli yanaşması ilə artıq Rusiyanın mövqeyini bərpa etmək üçün şərait yaradıb. “Bundan sonra Qərbin növbəti səhvə yol verib-verməyəcəyi onun özündən asılıdır”, – F.Məmmdov əlavə edib./azpolitika.info