Əlavə dərs vəsaitlərinin fantastik qiymətləri: “Qazanc və qazanmaq qanunvericiliklə qadağan deyil”
Tədris ilində ən çox əhəmiyyət kəsb edən, həm də tənqid olunan məsələlərdən biri də əlavə dərs vəsaitləri və onların fantastik qiymətləridir.
Hər kəsə bəllidir ki, ali məktəbə qəbul olmaq üçün təkcə məktəb dərslikləri yetərli deyil. Bu dərsliklərin pulsuz olması valideynlərin məktəb qayğısını azaltsa da, repetitor yanına və onların tapşırdıqları əlavə dərs vəsaitlərinə xərclədikləri pul əl yandırır. Xüsusilə əsas fənlər üzrə şagirdlərdən əlavə dərs vəsaitlərinin və test toplularının tələbi valideynlərin maddi vəziyyətini çətinləşdirib.
Qiymətlərdə kəskin artım
Daha çox riyaziyyat fənnindən M.B.Namazovun çalışmaları, Azərbaycan dili fənnindən Aygün Məcidovanın müəllifi olduğu kitablar, ingilis dili və digər fənlərdən Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı qiymətləndirmə tapşırıqları, eləcə də test topluları tələb olunan əsas əlavə dərs vəsaitləridir.
Yeni tədris ili başlanandan əlavə dərs vəsaitlərinin qiymətlərində bahalaşma müşahidə olunur. Ötən illə müqayisədə qiymətlər 3-4 manat civarında artıb. Belə ki, test toplularının qiyməti ötən il 5-6, ondan əvvəlki il 4-5 manat arasında dəyişirdisə, indi bu qiymət 8-10 manata qədər artıb. Fənlər üzrə qiymətləndirmə tapşırıqları isə 13 manatdan başlayan qiymətlərlə təklif olunur.
Fərz edin ki, 5 fənn üzrə qiymətləndirmə tapşırıqları, əlavə vəsait və test toplusu alırsansa, valideyn ən azı 120-160 manat civarında pul xərcləməlidir. Aylıq 5 fənn üzrə repetitora verilən xidmət haqqını da üzərinə əlavə etsək, bu il ərzində kifayət qədər yüksək məbləğ deməkdir.
Vəsaitlər niyə bu qədər bahadır? DİM öz vəsaitlərini niyə baha qiymətə təklif edir?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırladıqları vəsaitlərin qiyməti 7-10 manat aralığında dəyişir:
“Bu vəsaitlər ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün köməkçi vasitələrdir. İstifadəsi sərbəstdir. Yəni kimsə bunu tələb edə bilməz. Qəbul imtahanının proqramı və məzmunu orta məktəbdə tədris olunan dərsliklərə əsaslanır. DİM-in elmi-metodiki vəsaitləri (siniflər üzrə qiymətləndirmə kitabçaları, test topluları) isə imtahanlara sərbəst hazırlaşmaq istəyən şəxslər üçün kömək məqsədi daşıyır.
Vəsaitlərin qiyməti isə həcmi və tirajından asılı olaraq dəyişir və 7-10 manat aralığındadır. Bu qiymətlər müəyyən olunarkən kitabların kağız, nəşr xərcləri, həmçinin oradakı test müəlliflərinə ödənilən qonorarlar nəzərə alınır”.
“DİM bu nəşrlərdən böyük miqdarda pullar qazanır”
Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, ümumiyyətlə DİM-dən test və dərs vəsaitlərinin hazırlanması səlahiyyətləri alınmalıdır:
“Elm və Təhsil Nazirliyi yalnız dərslikləri və müəllimlərin metodik vəsaitlərini hazırlayır. Bunlar da məktəblərə pulsuz göndərilir. Bu gün bazarlarda təklif olunan istər ayrı-ayrı kursların, yaxud repetitorların və yaxud DİM-in hazırladığı vəsaitlərin qiymətlərinə gəlincə, bunlar sərbəst şəkildə hazırlanıb satılır. DİM publik hüquqi şəxsdir və qanunvericiliyə zidd olmasa da, bu vəsaitlərin, sualların hazırlanmasından nəticə etibarilə böyük pullar əldə edir.
Əlbəttə ki, qazanc və qazanmaq qanunvericiliklə qadağan deyil. Söhbət ondan gedir ki, buraxılış və qəbul imtahanları məhz DİM-in qoyduğu xətt üzrə gedir. Bu xətt isə ümumtəhsil məktəblərində oxuyan şagirdlərin bilik və bacarıqlarından fərqlidir.
Valideynlər övladlarının imtahanlarda daha yaxşı nəticə göstərmələri üçün onları repetitor yanına qoymağa məcburdurlar. Bu da sonda dövlətin milyardlarla pul xərclədiyi ümumtəhsil məktəblərinə inamını və etibarını azaldır.
Çünki imtahanı keçirən də, vəsaitləri hazırlayan da DİM-dir. Məqsəd isə külli miqdarda vəsait əldə etməkdir. Hələ sınaq imtahanlarının qiymətlərinə baxın. Bu, rəsmən insanların cibinə girməkdir. Bir daha qeyd edim ki, test və vəsait hazırlamaq səlahiyyəti DİM-dən alınmalıdır”.
Ekspert əlavə edib ki, sözügedən səlahiyyətlər DİM-dən alınsa, vəziyyət indiki kimi olmayacaq:
“Ayrıca Testologiya Mərkəzi və ya institutu yaranmalıdır. DİM isə sadəcə imtahanı keçirən texniki quruma çevrilməlidir. Belə olarsa, abituriyentlər kütləvi şəkildə repetitor yanına və kurslara axın etməyəcək. Daha çox fikir ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəldiləcək”./oxu.az