İsrail-HƏMAS savaşı – Putinin planı bəlli oldu
Rusiya İsrail və HƏMAS arasındakı toqquşmadan faydalanacağına əmindir. Çünki İsrailin ABŞ-ın hərbi yardım tələbləri diqqəti Ukraynadan yayındıra bilər, neftin qiymətlərinin artması isə Rusiya iqtisadiyyatını dəstəkləyir.
Bu barədə “Bloomberg” Rusiyadakı mənbələrə istinadla məlumat yayıb.
Kreml hesab edir ki, ABŞ-ın İsraildəki münaqişəyə diqqəti Kiyevə silah tədarükünü ləngitsə, Rusiya lideri Vladimir Putin məqsədlərinə daha tez nail olacaq.
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin oktyabrın 11-12-də Brüsseldə keçiriləcək toplantısında İsraildəki durumun müzakirə ediləcəyi gözlənilir. Nəşr yazır ki, ABŞ Ukraynaya tədarükünü dayandırmasa belə, İsrail-HƏMAS qarşıdurması bunu ləngidə bilər.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Vaşinqton Ukraynaya dəstək verməyə davam edəcək, eyni zamanda, o, digər böhranlara da cavab vermək imkanlarına malik olduqlarına əmindir.