Cənubi Qafqazda da müharibə ola bilər? – Bu ölkə Ermənistanı silahlandırır
Müstəmləkəçi və qanlı keçmişi ilə dünyada ad çıxaran Fransa bu gün də məkrli siyasətindən əl çəkmir. Görünür, məqsədi Cənubi Qafqazda yeni müharibə yaratmaqdır. Fransanın siyasi rəhbərliyi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq niyyətindədir.
Fransa Azərbaycanın müstəqil və suveren hüquqlarına hörmətsizlik etməklə yanaşı Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir. Məlum olduğu kimi, Fransanın mülki təhlükəsizlik əsgərləri artıq Ermənistandadır. Fransa Respublikasının Ermənistandakı səfiri Olivier Decotigny-nin X-dəki mikrobloqunda verdiyi məlumata görə, “HOPE” aksiyasında iştirak etmək üçün Fransanın 56 mülki təhlükəsizlik işçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə postu, 8 ton texnika və 2 xilasedici it Ermənistana gəlib.
Fransa separatçıları dəstəkləyərək Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir. İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın da görüşdə iştirakı təklifi qəbul olunmadığı üçün Qranadadakı toplantıya qatılmağı rədd etməsi Makronun planlarını alt üst edib. Fransa prezidenti Emmanuel Makron istəyirdi ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində moderator olsun. Amma, onun niyyəti baş tutmadı. Belə ki, Bakı onu bu haqdan məhrum etdi.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı Qranadaya niyə getmədiyini açıqlayıb. O bildirib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib.
Azərbaycanın mövqeyi həmişə sülhdən, sabitlikdən yana olub. 20 sentyabrda aparılan lokal antiterror xarakterli tədbirlər də Qarabağın erməni sakinlərinə yox, separatçılara yönəlmişdi və uğurlu da alındı. İndi isə vəziyyət dəyişir. Fransa məsələlərə müdaxilə etməyə çalışır. İlham Əliyevin də Şarl Mişel ilə telefon danışığı zamanı qeyd etdiyi kimi, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Çünki, Fransanın Ermənistana silah verməsi qarşıdurmaya xidmət edir, sülh prosesinə mane olur./milli.az