Bakının İsrail-HƏMAS savaşında mövqeyi…
Aydın məsələdir ki, İsrail qəflətən ova çevrilib: nə MOSSAD, nə də Mərkəzi Kəşfiyyat İdarəsi (CİA – ABŞ) HƏMAS-ın hücum planından xəbər tuta bilib. Keçirilən “Əqsa tufanı” əməliyyatında HƏMAS-ın əsas dəstəkçisi İran və ona yaxın törəmə qruplaşmalardır. İran da İsrailin Azərbaycanla əlaqələrindən narahatdır. Nasir Kənani açıqlamasında məhz bunu vurğuladı.
Bu sözləri İsrail-HƏMAS müharibəsinin Azərbaycana mümkün təsirləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Politoloq dövlətimizin münaqişəyə münasibətdə mövqeyinə toxunub:
“SEPAH da bu yaxınlarda ölkəmiz əleyhinə video paylaşıb. Təşkilatın mövcud münaqişədən istifadə edərək, Azərbaycanı islam dünyasının “düşmən”i kimi qələmə vermə planı mümkündür. Amma dövlətimiz hazırki məqamda çox ağıllı və doğru davranaraq orta yol tutub. Azərbaycan dövləti açıq şəkildə nə İsraili, nə də Fələstini dəstəkləyir, eskalasiyanın dayanmasını istəyir, əsirlərə və mülki əhaliyə qarşı münasibətdə beynəlxalq humanitar hüququn prinsiplərini üstün tutur, tərəfləri sülhə çağırır. Beləliklə, rəsmi Bakının mövqeyi İranın iddialarının qarşısını alır, digər tərəfdən Təl-Əvivlə münasibətlər qorunur”.
Ekspertin sözlərinə görə, indiki məqamda hərbi əməliyyatların Cənubi Qafqaza sıçraması uzaq ehtimaldır:
“Əlbəttə, müharibənin gedişatı əsnasında İrana hərbi müdaxilə ilə bağlı versiyalar səsləndirilir. ABŞ-ın müharibə olacağı təqdirdə İranın neft bazaları və digər strateji obyektlərini vuracağı ilə bağlı hədələri var. Müharibə olacağı təqdirdə eskalasiyanın həmin ərazilərlə məhdudlaşacağını düşünürəm”./axar.az