Rusiya sakitləşmək bilmir – Azərbaycana qarşı yeni həmlə
“Rusiyanın Qarabağla bağlı son təklifləri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olduğunu göstərir”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin məsələ ilə bağlı açıqlamasına toxunub:
“Qaluzin bildirir ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqviləsində “Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələ” yer almalıdır. Lavrovun müavini həmçinin “Qarabağ münaqişəsi”nin davam etdiyini söyləyib. Qaluzin həmçinin Qarabağda Rusiya sülhməramlılarına “ehtiyac” olduğunu vurğulayıb. Görünən budur ki, bölgədə münaqişəli vəziyyətin və ya “ermənilərin hüquqları”nı önə çəkməklə Ermənistanla Azərbaycana arasında gərginliyin davam etməsində maraqlıdır.
Rusiya Azərbaycanın öz ərazisində separatizmə son qoymasını qəbul və həzm edə bilmir. Çünki separatizm uzun illər əllərində Azərbaycan və Ermənistana qarşı təsirli alət olub. İndi bu alət əllərindən çıxıb, bütün hiddət və hikkələri buna görədir.
Qarabağda separatizmə son qoyulub, silahlı ermənilər tərksilah edilib, qondarma rejim ləğv edilib. Bu durumda Qarabağda kiminsə sülhməramlılarına ehtiyacımız da yoxdur”.
Qarabağın gələcək sülh müqaviləsinə salınması ehtimalına gəlincə, Məhəmməd Əsədullazadə qeyd edib ki, bu, Azərbaycanın daxili məsələsidir, heç bir xarici ölkə ilə sazişdə yer ala bilməz.
“Rəsmi Bakı Qarabağın adının mümkün sülh müqaviləsinə salınmasına çoxdan etiraz edib və bu məsələni bir daha müzakirə edilməmək üzrə bağlayıb. Moskvanın təklifi elə təklif olaraq qalacaq, Bakı bu dəfə də müzakirə etmədən rədd edəcək.
Heç Rusiyanın vasitəçiliyinə də ehtiyac yoxdur, Ermənistan da bunda maraqlı deyil.
Qarabağ yükündən qurtulan Ermənistanın baş naziri Paşinyan da Moskvanın təklifinə yaxın durmayacaq. Moskva bununla bağlı onun razılığını almağa çalışır. Amma Kremllə yol ayırıcında olan Ermənistan baş nazirinin buna müsbət baxacağını düşünmürəm. Qarabağ münaqişəsi bitib, Ermənistan da həm bunu, həm də Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Lap qəbul etsə belə, bu, heç nəyi dəyişməyəcək. Azərbaycan öz daxili məsələsini kənarla müzakirə etmək fikrində deyil.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bundan sonra ancaq sülh müqaviləsi müzakirə oluna bilər. Bununla bağlı ən doğru məkanı da Prezident İlham Əliyev göstərib – Gürcüstan”.