Ekspert: “Azərbaycanın Qranada görüşündə iştirakdan imtinası siyasi reallıqlara uyğundur”
“Azərbaycanın Qranadada keçirilməsi planlaşdırılan görüşdə iştirakdan imtina etməsi mövcud siyasi reallıqlara uyğundur”.
Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Azərbaycanın oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli görüşdə iştirak etməmək qərarına münasibət bildirərkən deyib.
“Diplomatik təşəbbüs Azərbaycanın əlindədir. Əgər belə bir qərar qəbul edilibsə, demək, bu, hesablanıb, yoxlanılıb və mövcud siyasi reallıqlara uyğun gəlir”, – o bildirib.
Onun fikrincə, diplomatiya və geosiyasət baxımından, bu, düzgün qərardır.
Ekspert qeyd edib ki, Avropa İttifaqı və Fransa tamamilə anti-Azərbaycan mövqe tutub: “Burada Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək deyil, bir neçə Avropa ölkəsinin liderlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılırdı. Odur ki, Azərbaycan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu görüşə dəvət edərək vəziyyəti balanslaşdırmağa çalışıb. Bu təklif Ermənistan və onun avropalı tərəfdaşları tərəfindən qəbul edilmədiyinə görə rəsmi Bakı Türkiyənin olmadığı formatda iştirakı qeyri-mümkün hesab edib”.
İ.Korotçenkonun sözlərinə görə, bütün amillər Azərbaycanın xeyrinədir: “Yəni zaman, tarixi ədalət, qlobal vəziyyət Azərbaycanın lehinədir. Əgər N.Paşinyan və onun Avropadakı himayədarları Ankaranın da iştirak edəcəyi dürüst və səmimi dialoqa hələ hazır deyillərsə, demək, belə bir görüşün keçirilməsinin vaxtı hələ çatmayıb”.