Türkiyədə qapalı görüş – “Kremldən Bakıya qarşı bunu istəyiblər”
“ABŞ və Avropa Birliyi başqa heç bir məsələ ilə bağlı Kremllə dialoq aparmır, erməni separatizmini xilas etmək məsələsində isə Moskva ilə dialoqda qəbahət görməyib”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyədə tərəflər arasında keçirilən gizli görüşə diqqət çəkib:
“ABŞ və Avropa Birliyinin Rusiya ilə sentyabrın 17-də İstanbulda Qarabağ məsələsini müzakirə etməsi Vaşinqton və Brüsselin Azərbaycana təsir imkanlarının olmadığının göstəricisidir. Azərbaycana təsir edə bilsəydilər, Rusiya ilə dialoqa ehtiyacları olmazdı. Görüşün antiterror tədbirlərindən iki gün əvvəl keçirilməsi isə ondan xəbər verir ki, Vaşinqton və Brüssel Azərbaycanın qəti addımlar atacağı barədə məlumatlı olub. Əslində bu, heç kimə sirr deyildi, Azərbaycan cəmiyyəti sentyabr ayı ərzində Qarabağda antiterror tədbirlərini gözləyirdi. Vaşinqton və Brüssel Azərbaycanı ancaq Rusiyanın durdura biləcəyini düşündüyündən Kremlə İstanbulda görüşlə bağlı müraciət edib.
ABŞ və Avropa Birliyi başqa heç bir məsələ ilə bağlı Kremllə dialoq aparmır, erməni separatizmini xilas etmək məsələsində isə Moskva ilə dialoqda qəbahət görməyib. Düşünüblər ki, Rusiya erməni separatizmini xilas etmək naminə Azərbaycanı dayandıracaq. Kremlin belə bir niyyəti olmayıb. Buna görə də Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Avropa Birliyinin rəhbəri Şarl Mişel “Rusiya erməniləri satıb” ifadəsini işlədib”.
Elxan Şahinoğlu xatırladıb ki, Rusiya iki əsr erməni separatizmini bəsləyib:
“Rusiyanın bu siyasəti olmasaydı nə Ermənistan, nə də Qarabağda erməni separatizmi olardı. Rusiya sadəcə özü üçün indiki ağır geosiyasi vəziyyətdə və Ermənistanın ona arxa çevrdiyi dövrdə Azərbaycana ərazi bütövlüyünü təmin etməyə mane olmayıb. Bu satqınlıq deyil, reallıqla hesablaşmaqdır”./teleqraf.com