Separatçı liderlər həbs edildi – Amnistiya gözləməyin!

 

Erməni separatçıların “liderlər dəstəsi”nin həbs olunaraq Bakıya gətirilməsi tarixi hadisədir. Onların məhkəməsi və alacaqları layiqli cəzalar da tarixi hadisə olacaq.

Bu sözləri politoloq Elxan Şahinoğlu Qarabağdakı keçmiş separatçı dəstənin keçmiş “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbs edilərək, Bakıya gətirilməsi barədə qeyd edib.

O bildirib ki, amnistiya əli qana batanlara, Azərbaycanın Konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çıxanlara şamil oluna bilməz:

“Bunu beynəlxalq aləm belə də bilməlidir. Kataloniyanın “müstəqilliyi” ilə bağlı 2017-ci ildə referendum qərarı verən Karles Puçdemon tərəfdarlarını silahlı mübarizəyə səsləməyib, qanlı cinayətlərlə əlaqəsi yoxdur. Buna baxmayaraq, o, İspaniyada həbs olunmaması üçün Belçikadan siyasi sığınacaq alaraq geri qayıtmadı. Puçdemon İspaniyaya qayıdan kimi həbs olunacaq. Çünki o, İspaniyanın Konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çıxıb. Erməni separatçıların “liderləri”nin isə Azərbaycana və azərbaycanlılara qarşı etmədikləri cinayətlər qalmayıb, on minlərlə insan separatizmin və terrorizmin qurbanı olub. Onları daha ağır cəzalar gözləyir. Qərb ölkələri Puçdemonu həbs etmək istəyən İspaniyanın qərarına necə hörmətlə yanaşırsa, Azərbaycanın da separatçıları cəzalandırmaq hüququna hörmətlə yanaşmalıdır!”

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti, erməni lobbisi və onlarla əlaqəli olan xarici mərkəzlər Azərbaycandan ard-arda zərbələr alıblar:

“Bakıya gətirilən Ruben Vardanyan üçün ağlaşmaya yeni başlamışdılar ki, separatçıların keçmiş “liderlərinin” böyük hissəsi də Azərbaycan paytaxtına gətirilib. Cinayətkarların alacaqları cəzaya görə bizə təzyiq etməyə çalışacaqlar. Nəticəsi olmayacaq. Bir cinayətkar ki, “Gəncə şəhərinin bombalanması əmrini mən vermişəm” cümləsiylə açıqlama verib və bu internetdə yayılıb, onun azad olunmasına hansı məntiqlə haqq qazandıra bilərlər? Sadəcə erməni hiyləgərliyi sərhəd tanımır, kimlərlə mübarizə apardığımızın da fərqindəyik. Qarabağı tam azad etdik, ancaq separatizm və terrorizm üzərində formalaşan erməni ideologiyası ilə mübarizəmiz bundan sonra da davam edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password