Xankəndidə gizlədilən ərzaq anbarı – Erməni yalanı ifşa edildi
“Qarabağda baş verənlər, hazırda davam edən hadisələrlə bağlı həmişə şəffaf və aydınlığın tərəfdarı olmuşuq. Mövqeyimizi həmişə açıq qeyd etmişik, məsələyə baxışımız konkret olub”.
Bunu açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, addımlarımızı beynəlxalq hüququn bizə verdiyi imkanlar daxilində atmışıq:
“BMT missiyasına gəlincə, cənab Prezident İlham Əliyev də bildirmişdi ki, bunu qəbul etməyə hazırıq. Qəbul etdik də. BMT nümayəndəsi birmənalı şəkildə vurğuladı ki, orada heç bir fiziki zorakılıq və təzyiqdən söhbət gedə bilməz. Həmin ərazini tərk edən ermənilərin özləri seçimlərini ediblər, bu seçim də ərazini tərk etmək olub. Nəyisə gizlətmirik ki, hansısa beynəlxalq missiyanın ora gəlib görməyindən narahat olaq. Bizim bu məsələdə mövqeyimiz haqlıdır. Dəfələrlə beynəlxalq ictimaiyyətlə açıq şəkildə bölüşmüşük.
Otuz il müddətində Qarabağda baş verənlərlə bağlı Azərbaycanın cavab verə bilməyəcəyi hansısa qeyri-adekvat addımı yoxdur. Müstəqillikdən bəri Azərbaycanın cavabsız qoyacağı bir proses olmayıb. Əksinə, illərdir bizim suallarımıza cavab verilmir. Beynəlxalq hüququn tələblərindən kənar addım atmamışıq. Heç bir halda Qarabağın erməni əhalisinə qarşı hər hansı bir fiziki zorakılıq etməmişik”.
Vüqar Zifəroğlu qeyd edib ki, Azərbaycan məsələlərə hərtərəfli və həssas yanaşır:
“Bütün məqamları, incə detalları nəzərə alırıq. Bunları öz kanallarımız və beynəlxalq media qurumları vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq. Sosial mediada bir erməni jurnalistinin paylaşımına rast gəldim. Son 3-4 ayda ermənilərin apardığı qondarma blokada ilə bağlı bir məqam vardı, erməni jurnalist öz çəkdiyi ilə bu yalanı ifşa edir.
Xankəndidə nə qədər ərzaq məhsulları tapılıb. Bütün bunların hamısı göstərir ki, bu, ermənilər tərəfindən uydurulmuş yalandır. Təəssüf ki, yalanlar hələ də davam edir. Amma bunun nəticəsi olmayacaq”.